
Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Elsevər Yunis oğluna məxsus ev quşlarının kəsimi müəssisəsində AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı müəssisədə baytarlıq-sanitariya tələblərinə əməl edilmədiyi, izləmə sisteminin qurulmadığı məlum olub, eyni zamanda soyuducu anbarda baytarlıq sənədi olmayan və istifadə müddəti bitmiş müxtəlif istehsalçılara məxsus 2040 kq toyuq əti aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılması və məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub, eyni zamanda mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb. Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub. Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Abbasova Gülsəfa Firuddin qızına məxsus “Star” marketdə Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində, Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Kolorado ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonunda kartof və çiyələk ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı görüş keçirilib. Görüşdə ixracın çevik təşkil edilməsi məqsədi ilə tənzimləmə işlərinin koordinasiyası, inzibatçılğın təkmilləşdirilməsi və fermerlərin maarifləndirilməsi istiqamətində Agentlik tərəfindən mütəmadi olaraq görüşlərin keçirildiyi və fermerlərə dəstək göstərildiyi bildirilib. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ixrac əməliyyatları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi vurğulanıb və qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Əlavə olaraq, idxalatçı ölkələrin idxal tələbləri, karantin tətbiq edilən zərərverici orqanizmlər haqqında ətraflı məlumatlar verilib. Görüş zamanı istehsalçıların məmnunluğunun təmin edilməsi məqsədi ilə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Agentlik tərəfindən bu cür görüşlərin respublikanın qida sahəsində ixracpotensiallı bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan digər regionlarında da keçirilməsi nəzərdə tutulur.

Nəzarət tədbirləri çərçivəsində "RAM Solutions" MMC-nin Türkiyədən idxal etdiyi (02.03.2024-02.03.2026-cı il istehsal tarixli, 1026 partiya nömrəli) “Deva Dünyası Gıda Kozmetik Ltd. Şti” müəssisəsinin istehsalı olan “Minceur Form Tea” (nar çiçəkli) əmtəə nişanlı bitki çayından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, məhsul partiyasında E.coli bakteriyası aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 67,20 kq (240 qutu) bitki çayı məhv edilib. Qeyd edək ki, qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar və təhlükəli qida məhsulları ilə bağlı məlumatlar Agentliyin rəsmi saytında yerləşdirilir. İstehlakçılar “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ” və “Qida zəncirinə nəzarət” bölmələrində “Təhlükəli məhsulların reyestri” blokuna keçid etməklə müvafiq məlumatlar əldə edə bilərlər.

Nəzarət tədbirlərini çərçivəsində 2025-ci il 24-28 fevral tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Cəlilabad və Masallı rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Cəlilabad rayonu üzrə Zeydiyev Rəsul Əliəkbər oğlu Cəlilabad şəhəri, Cavadxan küçəsi İnzibati protokol tərtib edilib Kərimov Səyyad Habil oğlu Cəlilabad şəhəri, Qurtuluş küçəsi İnzibati protokol tərtib edilib Quliyev İlqar Söhbət oğlu Cəlilabad şəhəri, Qurtuluş küçəsi İnzibati protokol tərtib edilib Masallı rayonu üzrə Dadaşov Burhan Abdul oğlu Masallı şəhəri, 20 Yanvar küçəsi (Köhnə bazar) İnzibati protokol tərtib edilib Səfərov Saməddin Rəhim oğlu Masallı şəhəri, 20 Yanvar küçəsi (Köhnə bazar) İnzibati protokol tərtib edilib

Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Gəncə şəhəri, T.Arani və Kimyaçılar küçələrinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Verdiyev Bəhruz Vüqar oğluna məxsus məntəqədə dana əti adı altında satışa çıxarılan ətdən götürülmüş nümunələrin müayinəsi nəticəsində camış DNT-si və E.coli bakteriyası aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

"Qurman Plyus" MMC-nin Rusiyadan idxal etdiyi “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb. Faktla bağlı ümumi çəkisi 2035.99 kq olan 155 ədəd qablaşdırmada toyuq budu və ümumi çəkisi 2882 kq olan 262 ədəd qablaşdırmada toyuğun bud dibi məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri zamanı digər tələblərlə yanaşı, qida obyektlərində izləmə sisteminin qaydalara uyğun tətbiqi ilə bağlı yoxlamalar aparılır. Məlum olduğu kimi, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Məqsəd təhlükəli qida və yem məhsulları aşkarlandıqda, həmin məhsulların qida zənciri üzrə izlənilməsinin və qısa müddət ərzində ticarət şəbəkəsindən geri çağrılmasının təmin edilməsidir. Belə ki, qida subyektləri izləmə sistemini və qeydiyyat prosedurlarını formalaşdırmalı, qəbul edilən məhsulların təchizatçısını müəyyənləşdirməlidir. Bu məqsədlə müəyyən olunan sənədlər kağız və ya elektron daşıyıcılarda tərtib edilməli və həmin sənədlər məhsulların yararlılıq müddəti bitdikdən sonra 1 il müddətində saxlanmalıdır. İldə bir dəfədən az olmayaraq izləmə sisteminin və prosedurlarının işlək olması yoxlanmalı və izlənmə nəticələri aktla sənədləşdirilməlidir. Habelə Agentliyin tələbi ilə izləmə sisteminə dair məlumatlar təqdim edilməlidir. Qeyd edək ki, izləmə sisteminin tətbiqi sahibkarlara yararsız məhsulun anbarda qalma ehtimalını minimuma endirmək və satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda tədarükçü və distribyutorların çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir. Agentlik tərəfindən 2025-ci il ilin yanvar ayında keçirilən 173 planlı yoxlama zamanı 153 müəssisədə izləmə sisteminin tətbiq olunmadığı müəyyən edilib ki, bununla əlaqədar həmin müəssisə rəhbərləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.