
Masallı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib. Görüşdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, bələdiyyələr, yerlərdə icra nümayəndələri, yerli qurumların rəhbərləri də iştirak ediblər. Tədbirdə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” barədə geniş məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah olunub. İdentifikasiya məlumatları olmayan iribuynuzlu heyvanların və atların, habelə baytarlıq sənədləri olmayan heyvanların heyvan bazarı ərazisinə daxil olmasına icazə verilməməsi tələbi diqqətə çatdırılıb.

Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib. Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.

Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranında AQTA əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub. Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində 2025-ci il 3-7 mart tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Ağdaş, Şəki, Zaqatala rayonlarında fəaliyyət göstərən 23 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

“MEDAY” MMC-nin Türkiyədən idxal etdiyi “Vitamin Qrup İlaç Makine Kozmetik Bitkisel Ve Tarım Ürünleri Gıda Turizm Ltd Şti.” müəssisəsinin istehsalı olan 3840 qutu “Herbalfarma Medexsper, Kapsul N30” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (25.04.2024-25.04.2027-ci il istehsal tarixli, 240425 partiya nömrəli) partiyasından AQTA əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, məhsulun tərkibində Vitamin E və Sink Qlükonatın miqdarının normativlərə uyğun olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

Quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunan dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 64 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 230 baş, habelə 16 rayonun (şəhər) 152 ailə təsərrüfatından müxtəlif növ 472 baş ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələrinə, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və hər hansı şübhəli hala rast gəlinməyib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Dyör-Moşon-Şopron bölgəsində dabaq, Rumıniyanın Bixor bölgəsində xırdabuynuzlu heyvanların taunu, Albaniya Respublikasının Dürres bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Dyör-Moşon-Şopron bölgəsindən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların, Bixor bölgəsindən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin qeyd olunan ev heyvanlarından alınan məhsulların, Dürres bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qəhvəyi mərmər bağacığına qarşı Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Xaçmaz rayonlarında növbəti müşavirəsi keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Biomüxtəlifliyin Qorunması Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüş zamanı zərərverici ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Tədbirdə əvvəlki illərdə aparılmış təhlillər əsasında mövcud vəziyyət dəyərləndirilərək, iqtisadi rayonların ərazilərində, xüsusilə kütləvi aşkarlanma qeydə alınan kəndlərdə mövsümlə əlaqədar qışlama yerlərində monitorinqlərin intensivləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərar verilib. Həyətlərdə, evlərdə, köməkçi tikililərdə aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin aparılması üçün sakinlərin şərait yaratması və özlərinin də bu tədbirlərdə yaxından iştirakının təmin edilməsi məqsədəuyğun hesab edilib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 7-si Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər martın 13-ü saat 14:00-da onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus “Otdıx” restoranında AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırma sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş əti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyi müəyyən edilib. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.