
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Ulduz-reytinq” layihəsini davam etdirir. Layihə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə hazırlanıb və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün onlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir. Sertifikat almış obyektlər bir sıra üstünlüklər qazanır, o cümlədən İnstitutun təklif etdiyi xidmət və imkanlardan yararlana bilirlər. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Zaqatala şəhəri, V.İsmayılov küçəsi 44 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Fariz Səfər oğluna məxsus ət satışı məntəqəsində ətlərin keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin olmadığı məlum olub. Eyni zamanda mal əti adı altında satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində camış DNT-si aşkarlanıb. Faktla bağlı ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Agentliyin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğluna və Ə.Əhmədov küçəsində fəaliyyət göstərən fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus məntəqələrdə mal əti adı altında satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb. Faktla bağlı qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, bu məntəqələrin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.

Bu gün ölkəmizdə start verilən “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida istehlakı məlumatları bazası” pilot layihəsinin açılışı və bu çərçivədə ilk seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ), Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər qurumların nümayəndələri, eləcə də özəl sektorun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihənin əsas məqsədi əhalinin bütün qruplarını əhatə edəcək qida istehlakı məlumatları bazasının yaradılması, qida təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirlərin hazırlanması, yığılmış məlumatlardan qida siyasətinin təkmilləşdirilməsi və aqrar siyasətin inkişafı üçün istifadə olunması, yerli mütəxəssislərin qida təhlükəsizliyi sahəsində ən yaxşı təcrübə və qlobal standartları öyrənməsinin təmin edilməsi və ölkəmizdə qida təhlükəsizliyi ilə sağlamlıq sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunmasından ibarətdir. Seminarda çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, qida istehlakı məlumatları bazası fərdlər, əhalinin müəyyən qrupları və ümumi əhali tərəfindən istehlak edilən qidanın miqdarı, növləri və istehlakla bağlı qanunauyğunluqlar haqqında toplanmış və təhlil olunmuş məlumatlar toplusudur. Bu baza insanların qidalanma zamanı üstünlük verdiyi məqamlar, rasionun tərkibi, porsiyaların həcmi, qidalanma tezliyi və vərdişləri kimi qida qəbulunun müxtəlif aspektləri ilə bağlı məlumatları özündə ehtiva etməklə, qidalanma üzrə seçimləri anlayaraq vəziyyəti qiymətləndirmək və bu seçimlərin sağlamlıq və rifaha təsirini təhlil etmək üçün istifadə olunur. Belə məlumat bazaları pəhriz meyillərini müəyyən etməyə, nutriyentlərin çatışmazlığı və ya artıqlığını qiymətləndirməyə, qidalanma vərdişlərindəki dəyişiklikləri izləməyə, eyni zamanda problemlərin həlli istiqamətində verilən qərarların və qidalanma proqramlarının effektivliyini qiymətləndirməyə kömək göstərərək, piylənmə və qida çatışmazlığı kimi sağlamlıqla bağlı problemlərin həlli üçün əvəzolunmaz bir alət rolunu oynayır. Tənzimləmə və idarəetmədə təmin etdiyi imkanlarla yanaşı, belə məlumat bazalarının istehlakçıların qidalanma meyilləri və nutriyent qəbulu barədə fərdi məlumatlılığı baxımından da müəyyən imkanları mövcuddur. AQTA sədri vurğulayıb ki, gələcəkdə qida istehlakı ilə bağlı məlumatların mobil tətbiqlər və ağıllı mətbəx avadanlıqları vasitəsilə daha qüsursuz və dəqiq formada toplanıla bilməsi proyeksiya edilir. Bu texnologiyalar qida qəbulu, nutriyentlərin kompozisiyası və fərdiləşdirilmiş qidalanma tövsiyələri haqqında real vaxt rejimində məlumatları təqdim edə bilər ki, bu da öz növbəsində həmin məlumatların digər sağlamlıq məlumatları ilə inteqrasiyası nəticəsində qidalanma ehtiyaclarının və yanaşmalarının fərdi qaydada qiymətləndirilməsinə geniş imkanlar yarada bilər. Tədbirdə çıxış edən FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib ki, 2025-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) aclıqla mübarizə, qida təhlükəsizliyini təmin edilməsi və davamlı kənd təsərrüfatını təşviqi ilə bağlı qlobal səylərin 80 illiyini qeyd edir. FAO80 yalnız bir ildönümü deyil —bu, irəliləyişimizi qiymətləndirmək, missiyamızı bir daha təsdiqləmək və hər kəsin təhlükəsiz və qidalandırıcı ərzağa çıxışı olan bir gələcək yaratmaq üçün yeni məqsədlər qoymaq fürsətidir. Azərbaycanda FAO-nun dövlət qurumları ilə tərəfdaşlığı səmərəli əməkdaşlıq nümunəsinə çevrilib. Birlikdə kənd təsərrüfatı məhsuldarlığını gücləndirən, kənd yerlərində yaşayış səviyyəsini yüksəldən və davamlı təbii resursların idarə edilməsini təşviq edən layihələr həyata keçirdik. Bunlara suyun daha səmərəli istifadəsi üçün suvarma sistemlərinin modernləşdirilməsi, kənd təsərrüfatı kooperativlərinin inkişafının dəstəklənməsi və kiçik fermerlərin bacarıqlarını artırmaq üçün təlim proqramlarının təmin edilməsi daxildir. Layihələrimiz yalnız qida istehsalını artırmaqla yanaşı, iqtisadi artım və ətraf mühitin qorunmasına da töhfə verir. Daha sonra seminarda “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida məhsullarının istehlakı məlumatları üzrə potensialın artırılması: Layihənin icmalı”, “Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” və “Qida məhsullarının istehlakı məlumatı – faydalar və beynəlxalq təcrübə” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb. Qeyd edək ki, qida məhsullarının istehlakı məlumatları qidalanma meyllərini müəyyənləşdirməyə, qidanın çatışmazlığını və ya artıq qəbulunu, sağlamlıq risklərini qiymətləndirməyə və zamanla yemək vərdişlərindəki dəyişiklikləri izləməyə kömək göstərir. Bu məlumatlar qida çatışmazlığı və ya piylənmə riski altında olan əhali qruplarını müəyyənləşdirmək, sağlam qidalanmaya çıxışı yaxşılaşdırmaq üçün sübuta əsaslanan siyasətlər hazırlamaq, risk altında olan qruplar üçün hədəflənmiş qida təhlükəsizliyi və qidalanma müdaxilələri həyata keçirmək baxımından vacibdir. Bu məlumatlar qida təhlükəsizliyinin milli və submilli səviyyədə monitorinqi və qiymətləndirilməsində də mühüm rol oynayır.

Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 43B ünvanında yerləşən, fiziki şəxs Behbudova Vüsalə Tahir qızına məxsus “VİP” şirniyyat istehsalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi tələblərinin ciddi şəkildə pozulduğu aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən AQTA-nın sədr müavini Əziz Şərifov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. XX əsrin dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisənin məqsədli şəkildə həyata keçirildiyini, yüzlərlə Xocalı sakininin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. Sədr müavini Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə, həmçinin Xocalıda aparılan quruculuq işlərindən bəhs edib və şəhidlərimizin ruhunun şad olduğunu bildirib. Həmçinin ildönümü ilə əlaqədar AQTA kollektivi soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Agentliyin regional bölmələrində də Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə Xocalı soyqırımının Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.

Martın 7-si saat 10:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 6-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Nurəli Şükür oğluna məxsus ət satışı məntəqəsində satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində mal DNT-si ilə yanaşı, camış DNT-si də aşkarlanıb. Məntəqədə keçirilmiş plandankənar yoxlama zamanı ətlərin baytarlıq sənədləri olmadan satışının həyata keçirildiyi müəyyən edilib. Faktla bağlı fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 17-21 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran və İmişli rayonlarında fəaliyyət göstərən 2 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər fevralın 27-si saat 14:00-da onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Hindistan Respublikasının Madhya-Pradeş bölgəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Madhya-Pradeş bölgəsində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quaruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “HALAL” sertifikatlaşma prosesini davam etdirir. “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının islam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. Eyni zamanda istehsalçı müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır. İnstitut tərəfindən uyğunluq sertifikatının təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. Ardınca müştərinin obyektinin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. “HALAL” sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanlarla quşların kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda emal olunmuş ət məhsullarını əhatə edir. Qeyd edək ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartı əsasında həyata keçirilib. AQTİ-də “HALAL” sertifikatlaşma prosesi ilə bağlı Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr fəaliyyət göstərir.