Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət etdi
Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət etdi

Son illərdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir. Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb. Veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxdı. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib. Elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır. Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır.

ADA Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
ADA Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Fevralın 6-da ADA Universitetinin nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda görüş keçirilib. Görüşün məqsədi ADA Universiteti nəzdində İtalyan-Azərbaycan Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni laboratoriyalarının yaradılması ilə bağlı məsləhətləşmə və fikir mübadiləsi aparmaqdır. ADA Universitetinin yeni laboratoriyalarının təşkili ilə bağlı AQTİ ilə əməkdaşlıq imkanları dəyərləndirilib. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev qonaqlara İnstitutun nəzdində fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalar barədə ətraflı məlumat verib. Bildirib ki, bu laboratoriyalarda ən müasir texnologiyalardan istifadə olunmaqla kompleks tədqiqatlar aparılır. Laboratoriyalarda çalışan peşəkar işçi heyəti tam gücü ilə əhalinin, bitki və heyvan sağlamlığının keşiyindədir.  Əli Nəbiyev ADA Universiteti nəzdində İtalyan-Azərbaycan Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni laboratoriyalarının yaradılmasında AQTİ tərəfindən lazım olan dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.  ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin professoru Asəf Ömərov Qida Təhlükəsizliyi İnstitutu və onun nəzdində fəaliyyət göstərən laboratoriyaların işini yüksək qiymətləndirib. Sonra qonaqlar İnstitutun laboratoriyaları ilə yaxından tanış olub, burada sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar.

Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə
Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası ABŞ-ın “OTSC - Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Aflatoksinin ümumi miqdarı” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib. Milli Referens Laboratoriyasının bu uğuru təsadüfi deyil. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Laboratoriyalarda qabaqcıl texnologiyalar tətbiq olunur.  Milli Referens Laboratoriyasının apardığı uğurlu müayinələr nəticəsində ölkəmizdə istehsal edilən fındıq məhsullarında aflatoksinin yaranma riski minimuma endirilib. Buna görə də, 2024-cü il ərzində Avropa bazarlarına ixrac olunan məhsullarda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb. Bu nailiyyət qida məhsullarının ixracı zamanı tətbiq olunan gücləndirilmiş nəzarət tədbirlərinin nəticəsidir. Milli Referens Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrləri yüksək səviyyədə yoxlanılır. Burada mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Səriştəliliyin artırılması üçün kadrlar təlimlərə cəlb olunur. Həmçinin onların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

13-17 yanvar tarixlərində respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş ərazilərdə vəhşi quşlara klinik baxış keçirilib, 64 baş müxtəlif növ vəhşi quşdan nümunələr götürülüb. Bundan əlavə, 30 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 300 baş, habelə 19 rayonun (şəhər) 206 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 634 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib, toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Video
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx

Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx