Bakıda “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbir keçirilir
5 Sentyabr 2022 11:55
5 sentyabr 2022-ci il tarixində Bakıda Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) Avropa və Mərkəzi Asiya üçün regional tədbiri öz işinə başlayıb. Tədbirin təşkilatçıları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (FAO-REU), Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.
Tədbir “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunub. Tədbirin keçirilməsində əsas məqsəd fitosanitar tədbirlər üzrə beynəlxalq standartların layihələrinin təhlili, onlara dair şərhlərin formalaşdırılması və təqdim edilməsi, 2023-cü il üçün mövzular üzrə çağırış, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya haqqında məlumatların artırılması və regional səviyyədə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional ofisi, Azərbaycan ofisi, IPPC, EPPO və üzv ölkələrin nümayəndələri, o cümlədən, IPPC katibi Osama El-Lissy, EPPO-nun baş direktoru Nico Horn, FAO-nun nümayəndəsi Melek Çakmakın da iştirak etdiyi tədbir paralel olaraq Fransanın Paris şəhərinə birbaşa bağlantı formatında həyata keçirilir.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli çıxış edərək bildirib ki, müasir dövrdə bəşəriyyətin qlobal problemlərindən və vəzifələrindən biri əhalinin ərzaq məhsulları ilə etibarlı və dayanıqlı təminatını həyata keçirməkdən ibarətdir. Hazırda dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ərzaq çatışmazlığının və aclığın aradan qaldırılması istiqamətində geniş işlər görülür. Buna baxmayaraq, son illər enerji daşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir.
AQTA sədri bildirib ki, qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır. Fitosanitar riski yüksək qiymətləndirilən həmin virus və bakteriyalar məhsulların iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, 40-80%-ə qədər məhsul itkisinə səbəb olur. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir.
Q.Təhməzli vurğulayıb ki, bu sahədə FAO, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların həyata keçirdiyi geniş miqyaslı və məqsədyönlü çalışmalar, o cümlədən bitki mühafizəsi sahəsində yeni standart və təlimatların hazırlanması dünyada bitki örtüyünün qorunması, aclığın və ərzaq çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığının artırılması üçün olduqca əhəmiyyətlidir.
AQTA sədri onu da qeyd edib ki, son illər Azərbaycanda bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin gücləndirilməsi ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov isə bildirib ki, ölkəmizdə bitki sağlamlığı və mühafizəsinin təşkili istiqamətində davamlı işlər görülür. Bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ilə, xüsusilə də nazirliyin Aqrar Xidmətlər Agentliyi ilə koordinasiya olunmuş fəaliyyət aparır. Bitki sağlamlığı işində nəzarət və xidmət funksiyalarının bir-birini tamamlaması uğurlu nəticələr əldə etməyə imkan verir. Birgə monitorinq mexanizminin formalaşması, elektron bazanın yaradılması, dataların toplanması, davamlı məlumat mübadiləsi – bütün bunlar həm Qida Təhlükəsizliyi Agentliyinin, həm də Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində mövcud risklərə daha çevik və operativ reaksiya verməsini, önləyici tədbirlər görməsini təmin edir.
Qeyd edək ki, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya 1951-ci ildə İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının VI konfransında qəbul olunub. Azərbaycan 14 mart 2000-ci il tarixindən etibarən bu konvensiyaya qoşulub. Konvensiyanın katibliyi üzv ölkələr arasında bitki resurslarının mühafizəsi və təhlükəsiz ticarətin təmini sahəsində informasiya mübadiləsinə kömək edir. Katibliyin üzvləri, həmçinin beynəlxalq standartların hazırlanması və tətbiqinə yardım göstərir, tərəflər arasında münaqişələrin həllində iştirak edir.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş