Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
16 İyun 2024 10:37
İyunun 16-sı və 17-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb.
Tədbirlər çərçivəsində ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 64-də qurbanlıq heyvanların kəsimi və satışı, 47-də yalnız satışı, 36-da isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli, Laçın rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb.
Kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar-həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir.
Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2024) əldə edə bilərlər.
Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Fermadan süfrəyədək: Heyvan mənşəli məhsulların izlənməsi niyə vacibdir?
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş