Bioloji fəallığa malik qida əlavələri və istifadə qaydaları
14 İyun 2021 18:08
Bioloji fəallığa malik qida əlavələri əsas qidalandırıcı birləşmələr sinfinə daxil olan komponentlərin (vitamin, mineral və s.) orqanizmdə çatışmazlığının aradan qaldırılması, xüsusi fizioloji funksiyaların dəstəklənməsi və ya orqanizmin normal fəaliyyətinin təmin edilməsi baxımından qida rasionunu zənginləşdirmək məqsədilə istifadə olunur. Bu məhsulların əsas qidalandırıcı komponentlərindən olan vitaminlər orqanizmin məhdud miqdarda tələb etdiyi üzvi maddələrdir. Vitaminlərin kifayət qədər qəbul edilməməsi insan orqanizminə mənfi təsir göstərir. Vitamin çatışmazlığı yarandıqda orqanizmin xəstəliklərə qarşı davamlılığı zəifləmiş olur. Sağlamlığın qorunması və yaxşılaşdırılması üçün orqanizmin vitaminlərə olan gündəlik tələbatının ödənilməsi vacibdir. Orqanizmin normal fəaliyyətində mineral maddələrin də əhəmiyyəti böyükdür. Minerallar orqanizmdə gedən maddələr mübadiləsində əvəzedilməz rol oynayır. Mineral çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Orqanizmin minerallara olan gündəlik tələbatı təbii qidalanma yolu ilə ödənilmədikdə sümük, əzələ, sinir toxumalarında ciddi fəsadlara yol açır.
Bundan başqa, bioloji fəallığa malik qida əlavələrinin tərkibində amin turşuları, yağ turşuları, zülallar və müxtəlif bitki mənşəli ekstraktlar da daxil olmaqla məhdud çeşiddə digər maddələr də mövcud ola bilər. Bioloji fəallığa malik qida əlavələri farmaseptik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar olmasına baxmayaraq, heç bir halda dərman vasitəsi hesab edilə bilməz. Hazırda qida əlavələrinin satışı, ümumiyyətlə, apteklərdə aparıldığından, həmçinin onlardan istifadə əksər hallarda həkim məsləhəti ilə həyata keçirildiyindən bəzən istehlakçılar bu məhsulları dərman vasitəsi hesab edirlər. Lakin unutmaq olmaz ki, bioloji fəallığa malik qida əlavələrinin istifadəsində əsas məqsəd qida rasionunu zənginləşdirməkdir. Qida əlavələri orqanizmdə farmakoloji, immunoloji və ya metabolik təsirlərə malik deyildir. Bu səbəbdən də onların istifadəsi insanlarda xəstəliklərin müalicəsi və ya fizioloji funksiyaları dəyişdirmək məqsədi daşımır. Xatırladaq ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin zəruri tələbatlarının ödənilməsi üçün qidalanma zamanı və ya qida məhsulları kimi ayrıca qəbul edilir. Lakin heç bir halda normal qidalanmanı əvəz etmir.
Beləliklə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz edə bilməz. Yəni bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bu və ya digər tələblər Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarında öz əksini tapıb. Belə ki, dərman və reklam haqqında qanunlarda, Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarında bioloji fəallığa malik qida əlavələri ilə bağlı bir sıra tələblər və qaydalar müəyyən edilib. Bu tələblərdən irəli gələrək, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında hər hansı xəstəliyin profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilməməlidir. Bu məhsulların istifadə təlimatında müalicəvi təsirinin olmaması qeyd olunmalıdır. Belə ki, bioloji fəallığa malik qida əlavələrinin qablaşması üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “Dərman vasitəsi deyildir”, “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” sözləri yazılmalıdır.
Qeyd edək ki, inkişaf etmiş bir sıra ölkələrdə bu məhsulların idxalı, ixracı, satışı və dövriyyəsi qida məhsulları ilə eyni qaydada tənzimlənir.
Hər bir istehlakçı bilməlidir ki, orqanizmin bütün qidalandırıcı komponentlərlə təmin edilməsində ən ideal vasitə düzgün qidalanmağa, o cümlədən gündəlik qida rasionunda vitamin, mineral və digər qidalandırıcı komponentlərlə zəngin olan müxtəlif tərkibli qidalara üstünlük verilməsidir. Lakin maraqlıdır ki, bir çox istehlakçılar təkcə həmin maddələrə olan zəruri ehtiyacın qarşılanması üçün yox, həmçinin immun sistemini və ya dolayısı ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığını düşünərək, zərurət olmadıqda belə, qida əlavələri qəbul edirlər. Çünki tərkibində bütün qidalandırıcı komponentlərə malik olan bir tabletlə orqanizmin zəruri ehtiyaclarının qarşılanması asan səslənir. Lakin unutmamalıyıq ki, qida əlavələri heç də təhlükəsiz və sağlam qidalanmanı əvəz etmir. Bu və ya digər səbəblərdən dünyanın aparıcı araşdırma mərkəzləri tərəfindən qidalanma mənbəyinin düzgün seçilməsi, bütün qidalandırıcı komponentlərin qidalardan alınması tövsiyə olunur.
Bioloji fəallığa malik qida əlavələrini alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmaq lazımdır. Bu imkan verəcək ki, aldığımız məhsulun potensial faydaları ilə bərabər, yaratdığı riskləri, gündəlik qəbuletmə dozası və əks göstərişləri ilə bağlı məlumatlı olaq.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş