Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA sədri Qəbələdə vətəndaşları qəbul edəcək
AQTA sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin dekabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 20-si saat 10:00-da Qəbələ Mədəniyyət Mərkəzində Şəki şəhəri və Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 19-dək qəbula yazıla bilərlər. Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstin Dövlətinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransa Respublikasının Korsika regionunda, Almaniya Federativ Respublikasının Berlin şəhərində blutanq, Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Ramallah və Əl-Bireh əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Korsika regionunda və Berlin şəhərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa və Skikda əyalətlərində xəstəlik baş vermiş təsərrüfatdan 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, İllinoys ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Fitosanitar monitorinqlər davam etdirilir
Fitosanitar monitorinqlər davam etdirilir

Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.

AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanması məqsədilə xüsusi təhlükəli xəstəliklərin çevik şəkildə laborator diaqnostikası həyata keçirilir. Belə ki, AQTİ-nin bütün ölkəni əhatə edən, müasir maddi-texniki bazaya malik laboratoriyalarında peşəkar kadrlar tərəfindən aparılan sınaqlar sayəsində respublikaya idxal olunan bitki və heyvan mənşəli qida məhsullarında bioloji təhlükələr vaxtında aşkarlanır və müvafiq tədbirlər görülür. AQTİ tərəfindən ölkəmizdə heyvan sağlamlığının qorunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə quş qripi xəstəliyinin diaqnostikası, monitorinqi və idarə olunması sahəsində silsilə tədbirlər həyata keçirilir. Xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə edilməsi üçün ixtisaslaşmış əməliyyat qrupları mütəmadi olaraq quş qripi xəstəliyi də daxil olmaqla assosiativ-simulyasiya məşğələlərini icra edir. Bu çərçivədə peşəkar mütəxəssislər ölkə üzrə quş populyasiyasında davamlı monitorinq proqramlarına qatılır. Yüksək dəqiqlikli diaqnostik avadanlıqlarla təchiz olunan laboratoriyalarda quş qripi virusunun subtiplərinin aşkarlanmasında müasir metodlar tətbiq edilir. Eyni zamanda seroloji müayinələr vasitəsilə quşçuluq sahəsində istifadə olunan peyvəndlərin effektivliyi qiymətləndirilir. Həyata keçirilən tədbirlər çərçivəsində Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyənin Akkreditasiya Qurumu “TÜRKAK”ın quş qripi xəstəliyi daxil olmaqla 61 parametr üzrə “ISO/IEC 17025:2017 – Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər" standartına uyğun Akkreditasiya Attestatını əldə edib. Mütəmadi olaraq laboratoriyalar quş xəstəlikləri üzrə müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğurla iştirak edir. İnstitutun beynəlxalq standartlara cavab verən 2-ci səviyyəli biotəhlükəsizlik laboratoriyaları paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərir. Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların imkanlarından da epizootoloji monitorinqlər zamanı geniş istifadə olunur. Bu da xüsusi təhlükəli və ya zoonoz xəstəliklərin alovlanması zamanı hadisə yerində müayinələrin operativ şəkildə aparılmasında, həmçinin qabaqlayıcı və nəzarət tədbirlərinin görülməsində əvəzsiz rol oynayır.

HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək

“Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. İri sahibkarlıq subyektləri müvafiq Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. Qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir. Məhsulların ixracını, həmçinin satış imkanlarını asanlaşdırır. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyən və təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır.  Məlumat üçün bildiririk ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP mövzusunda təlim və məsləhət xidmətlərini təklif edir. “Qida Təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq təşkil edilən təlimlər zamanı müəssisələrin saxlama anbarlarının, qida blokunun, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilir, bu sistemin tətbiqinə kömək göstərilir, müvafiq məsləhətlər verilir. Həmçinin əməkdaşlara HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilir.  Xidmətlər zamanı mövzu ətrafında müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır. Təlimin sonunda iştirakçılar sertifikatla təmin olunur. Təlimlərdə əldə olunan biliklər qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verir.

AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA)  Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər.  Bu çərçivədə bu gün ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və sair sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün AQTA-nın inzibati binasında qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib.  Qeyd edək ki, Q.Təhməzli bundan əvvəl süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, eləcə də unlu qənnadı məmulatlarının və yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib.

COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı keçirilən tədbirlərin bir qrup xarici iştirakçısı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.  AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜHST-nin vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu, İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohana İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub

Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.  Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak edib. Həmçinin dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri qatılıb.  Tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” və “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçirilib.  AQTA sədri Q.Təhməzli “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” mövzusunda təşkil olunan sessiyada çıxış edib. Q.Təhməzli bildirib ki, müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Agentlik sədri bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edib və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndirib. Q.Təhməzli vurğulayıb ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir. Eyni zamanda bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır. Bu istiqamətdə həyata keçirilən və planetin canlı aləminin qorunması üçün tətbiq edilən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə də mühüm addımlar atılır. Respublikamızda bu istiqamətdə son illərdə aparılmış islahatların öz bəhrəsini verməkdə olduğunu bildirən AQTA sədri ölkəmizin əldə olunan təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.  Q.Təhməzli deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumların birgə fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bu çərçivədə zoonoz xəstəliklərdən irəli gələn problemlərin həll olunması məqsədilə “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya”nın layihəsi hazırlanaraq təqdim ediləcək. AQTA sədri vurğulayıb ki, mütərəqqi epidemioloji iş üçün istifadə ediləcək informasiya sisteminin qurulması, “Cəmiyyət-heyvanat aləmi - ətraf mühit” kontekstində vahid yanaşmanın tətbiq edilməsi, antimikrob rezistentliyi problemlərinin həlli, böhran vəziyyətlərinin idarə olunması və digər zəruri amillər Strategiyanın tərtib edilməsini aktuallaşdırıb. Strategiyanın icrası ilə zoonoz xəstəliklərin erkən aşkarlanması üçün çevik həll yollarına, davamlı müşahidə sisteminin və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqinə, həmçinin ölkə əhalisinin vaxtaşırı maarifləndirilməsi kimi məqsədlərə nail olunacaq.

COP29 çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib
COP29 çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib

Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, “Vahid Sağlamlıq” konsepsiyası ekosistemin bütün hissələrinin vəhdətinə əsaslanan, insanların, heyvanların və ətraf mühitin problemlərini ayrı-ayrılıqda deyil, birgə nəzərdən keçirərək, bu kompleksin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaq məqsədilə qaldırılan, inteqrasiya olunmuş vahid yanaşmadır. Konsepsiya xüsusilə qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır. Bu konsepsiya cəmiyyətin müxtəlif sahələrində bir çox sektorları birgə işləməyə səfərbər edir. Konsepsiyanın istər milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulan məsələlərə çatmaq, problemlərin həlli, o cümlədən insan, heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın vəzifəsi hesab edilir. Planetin canlı aləminin qorunması üçün tətbiq olunan “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə mühüm addımlar atılır.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir