
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yarasız ət məhsulları və normativ hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlanıb. Baxış zamanı satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün ümumilikdə 171 kq ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Anım günü ilə əlaqədar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ruhuna dərin hörmət və ehtiram bildirilib, abidəsi önünə gül dəstələri qoyulub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Cəfər İbrahim oğluna məxsus “Yurd” mərasim evində plandankənar yoxlama keçirib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mətbəxdə döşəmə, divar, tavan səthlərinin təmirsiz olduğu və asan yuyulub təmizlənə bilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, tərəvəzlərin, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib. Baxış zamanı yarımzirzəmi sahədə qanunsuz şəkildə dovğa emalının həyata keçirildiyi məlum olub, lakin qablaşdırma materiallarının etiket məlumatlarında məhsulun istehsal ünvanının Beyləqan rayonunun Gödəklər kəndi, istehsalçının isə Əliyev Rizvan Arzuman oğlu olduğu qeyd edilib. Həmçinin soyuducuda qanunvericiliyə uyğun markalanması aparılmayan mayonez qablarında minimum keyfiyyət və təhlükəsizlik sənədləri olmayan 15 ədəd 10 kiloqramlıq qatıq məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Polşa Respublikasının Qərbi-Pomorsk inzibati ərazisində blutanq, Xorvatiya Respublikasının Zaqrebaçka kantonunda, Kanadanın Manitoba əyalətində, İngiltərənin Şərqi İngiltərə regionunda, Niderland Krallığının Frislandiya əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Qərbi-Pomorsk inzibati ərazisində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Zaqrebaçka kantonunda, Manitoba əyalətində, Şərqi İngiltərə regionunda, Frislandiya əyalətində isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Qida Gözətçisi” layihəsinin ilk buraxılışı yayımlanıb. Video formatda olan layihədə istehlak üçün nəzərdə tutulan qablaşdırılmış suların analizlərindən bəhs olunub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında içməli suyun təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə müasir standartlara uyğun analizlər həyata keçirilir. Videoda içməli suyun mikrobioloji, radioloji, habelə tərkibindəki ağır metalların təyini, toksikoloji müayinələri haqqında ətraflı məlumat verilib. Habelə, içməli suyun etiket məlumatlarının doğruluğu məsələsinə də toxunulub. Laboratoriyada suyun tərkibi və keyfiyyətinin etiketdə göstərilən məlumatlarla müqayisə edilərək uyğunluğunun yoxlanılması prosesi barədə danışılıb. Analizlər AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında aparılıb. Qeyd edək ki, “Qida Gözətçisi” layihəsi qida məhsullarının analizinin qeyri-peşəkar və absurd yollarla deyil, yalnız laboratoriya şəraitində müasir standartlara uyğun elmi əsaslarla aparılmasının vacibliyinə diqqəti çəkmək məqsədi daşıyır. Belə ki, hansısa məhsulun xarici görünüşünə baxmaqla, yaxud primitiv üsullarla analiz etməklə onun təhlükəsizliyi və keyfiyyəti barədə fikir söyləmək olduqca yanlışdır. Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti barədə yekun rəy bildirmək onun laborator şəraitdə müayinəsindən sonra mümkündür. Layihədə sudan əlavə, yağ, kolbasa, pendir, bal və s. bu kimi gündəlik istifadə olunan qida məhsullarının laboratoriya şəraitində müasir standartlara uyğun analizi istehlakçılara təqdim olunacaq.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qax rayonu, Qum kəndində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Cüməli İsgəndər oğluna məxsus alkoqolsuz içki istehsalı müəssisəsində planlı yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə döşəmə və divar səthlərinin korroziyaya davamlı hamar və yuyulabilən materialla üzlənmədiyi, işçilərin əllərinin yuyulması üçün isti-soyuq su və yuyucu maddələrlə təmin edilmiş yuma sahəsinin ayrılmadığı, kanalizasiya xətlərinin çirklənmədən mühafizə edəcək şəkildə quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün xüsusi bölümün ayrılmadığı və digər nöqsanlar müəyyən edilib. Fakla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 2-6 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Bakı şəhəri üzrə 1. Qafarov Rafail Rafiq oğlu Yasamal rayonu, A.Abbasov küçəsi 16 İnzibati protokol tərtib edilib 2. Əliyev Ramiz Rasim oğlu Yasamal rayonu, A.M.Şərifzadə küçəsi İnzibati protokol tərtib edilib 3. Vəliyev Çingiz Fazil oğlu Yasamal rayonu, M.Seyidov küçəsi 19 İnzibati protokol tərtib edilib 4. Qurbanov Sənani Vəfadar oğlu Yasamal rayonu, D.Bünyadzadə küçəsi 232 İnzibati protokol tərtib edilib 5. Abdullayev Bəhruz Adil oğlu Yasamal rayonu, M.Xiyabani küçəsi 33 İnzibati protokol tərtib edilib 6. Tapdıqlı Elməddin Səfədar oğlu Yasamal rayonu, M.Xiyabani küçəsi İnzibati protokol tərtib edilib 7. Ağakişiyev Elşad Lətif oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 1594 İnzibati protokol tərtib edilib 8. Soltanbəyli Rəşad Şahin oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Ələsgərov küçəsi 20 İnzibati protokol tərtib edilib 9. Quliyev Habil Ərşad oğlu Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi İnzibati protokol tərtib edilib 10. Vəliyev Səyyad Mürşüd oğlu Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi İnzibati protokol tərtib edilib

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan vəzifəli şəxslərə “İnsan resurslarının idarəedilməsi” mövzusunda təlim keçirilib. AQTA-da Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara motivasiyanın əhəmiyyəti, prinsipləri, faydaları, metodları, həmçinin münaqişə situasiyaları, onların yaranma səbəbləri və həll yolları, iş yerlərində stresin idarəolunması, təlim işinin təşkili və digər məsələlər barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul gələn həftənin V günü, dekabrın 13-ü saat 15:30-da qida məhsullarının topdan və pərakəndə satışı, bazarlar, satış şəbəkələri və qida məhsullarının ticarətinə aid digər sahələrdə fəaliyyət göstərən sahibkarlarla keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala şəhəri, Ş.Qurbanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Davudov Mahir Harın oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə döşəmə, divar, tavan və qida ilə təmasda olan səthlərin korroziyaya davamlı hamar və yuyulabilən materialla üzlənmədiyi, unun divardan ara məsafə gözlənilmədən saxlandığı, havalandırma sisteminin qurulmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara yığılmadığı, işçi heyət üçün isti-soyuq su və yuyucu maddələrlə təchiz edilmiş yuma sahəsinin ayrılmadığı və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.