Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib
Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən media subyektlərinin nümayəndələri üçün növbəti təlimlər təşkil edilib. Təlimlər AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən əsas istiqamət kimi aparılan maarifləndirmə xəttinin davamı olaraq jurnalistlərin Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, onların qida təhlükəsizliyi ilə bağlı biliklərinin və bu sahə üzrə peşəkarlıqlarının artırılması, həmçinin ictimai nəzarətin gücləndirilməsi məqsədilə keçirilib. 20-yə yaxın jurnalistin iştirak etdiyi təlimlər çərçivəsində çıxış edən AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov bildirib ki, Agentlik tərəfindən ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin olunması, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə maarifləndirmə işinə, o cümlədən də təlimlərin təşkilinə xüsusi diqqət yetirilir. M.Nəcəfov həyata keçirilən tədbirlər çərçivəsində qida sahəsində istehlakçı hüquqlarını qorumaq və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı vətəndaş şikayətlərini operativ şəkildə qəbul etmək məqsədilə yaradılan "E-Qidam" mobil tətbiqinin də faydalı olacağına əminliyini ifadə edib. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev isə Agentliyin qida təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdiyini önə çəkib. Bu istiqamətdə ictimai nəzarətin təmin edilməsində media nümayəndələrinin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra jurnalistlər üçün qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlimlər keçirilib. İştirakçılara HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri), halal sertifikatlaşma və “Ulduz-reytinq” layihəsi barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki sağlamlığı, o cümlədən bitki mühafizə vasitələrindən istifadə, eləcə də heyvandan insana keçən zoonoz xəstəliklər və heyvanlar arasında epizootoloji vəziyyətin stabil saxlanması barədə məlumatlandırılıb. Təlimlər zamanı müvafiq mövzularla bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb. Sonda media subyektlərinin nümayəndələrinə təlimlərdə iştiraka görə sertifikatlar təqdim olunub.

“E-Qidam” mobil tətbiqi ictimaiyyətə təqdim olunub
“E-Qidam” mobil tətbiqi ictimaiyyətə təqdim olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində ictimai nəzarətin gücləndirilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunması və vətəndaş şikayətlərinin operativ şəkildə icrasının təmin edilməsi məqsədilə hazırlanan “E-Qidam” mobil tətbiqi media vasitəsilə ictimaiyyətə təqdim olunub. Təqdimat zamanı tətbiqin tanıtım videoçarxı nümayiş olunub (https://youtu.be/JAvldYaQ_uE). Media subyektlərinin nümayəndələrinə mobil tətbiqin məqsədi və istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, vətəndaşlar qida sahəsində hər hansı bir neqativ halla rastlaşdıqda, bu barədə “E-Qidam” tətbiqi vasitəsilə dərhal AQTA-ya bildirə biləcəklər. Tətbiqin əsas üstünlüyü qida təhlükəsizliyinin təmin olunması prosesində vətəndaşların aktiv iştirakı ilə ictimai nəzarəti təmin etmək və baş verən hər hansı neqativ hallara qarşı təsir imkanlarını genişləndirməkdir. Həmçinin vurğulanıb ki, vətəndaşlar tətbiqdən istifadə etmək üçün Android və iOS əməliyyat sistemli mobil telefonlar vasitəsilə “E-Qidam” mobil tətbiqini telefonlarına yükləyə bilərlər. Qeydiyyatdan keçən istifadəçilər hər hansı şikayəti göndərmək üçün “Müraciət göndər” bölməsinə keçid etməli, ardınca şikayət olunan qida məhsulunun adı və satışının həyata keçirildiyi ünvanı qeyd edib “Göndər” düyməsinə klikləməlidirlər. Şikayət Agentlik tərəfindən qəbul edilərək qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Vətəndaşlar “Müraciətlərim” bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər. Bundan başqa, vətəndaşlar mobil tətbiq vasitəsilə qida təhlükəsizliyi ilə bağlı görülən işlər, tədbirlər, xəbərlər, maarifləndirici yazılar və ən son yeniliklərlə anında tanış ola biləcəklər. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan təlimlər, laborator analizlər, eləcə də vakansiyalar barədə ən son məlumatları əldə edəcəklər. Ən əsası isə sahibkarlıq subyektləri “Bildiriş” funksiyasını aktiv etməklə fəaliyyət sahəsi üzrə Agentlik tərəfindən mobil tətbiqdə paylaşılan məlumatlar haqqında bildirişlər alacaqlar.

Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək, Pakistan İslam Respublikasının Sind, Pəncab regionlarında nodulyar dermatit, Hindistan Respublikasının Çhattisqarh, Karnataka, Madya Pradeş, Qücərat, Pəncab, Madhya-Pradeş, Uttar-Pradeş, Cammu-Kəşmir, Haryana, Bihar ştatlarında və Haryana ştatının Pançkula, Madhya-Pradeş ştatının Cabua, Maxaraştra ştatının Parbhani inzibati ərazi vahidlərində, Botsvana Respublikasının Kqatlenq dairəsində, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Komi respublikalarında, Rumıniyanın Teleorman inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, WOAH -nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, qeyd olunan ərazilərdə bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə  adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 16-20 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Bakı şəhəri üzrə Abdullazadə Abdulla Qorxmaz oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 10 İnzibati protokol tərtib edilib Eyvazov Ariz Kərəm oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Allahverdiyev Nicat Mehdi oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Quliyev İmran Cavid oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Heydərov Ramil İmran oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 19 İnzibati protokol tərtib edilib Abdullayev Yasin Hüseyn oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi İnzibati protokol tərtib edilib Məmmədov Asiman Nadir oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış Massivi İnzibati protokol tərtib edilib Nəzərov Məzahir Sahib oğlu Suraxanı rayonu, İ.Musayev küçəsi İnzibati protokol tərtib edilib Məmmədov Hüseyn Kərim oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İnzibati protokol tərtib edilib Namazov Tuncay  Abuzər oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 2 İnzibati protokol tərtib edilib Fərzəliyev Bəxtiyar Volodiya oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib İbrahimov Sədrəddin İbrahim oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib Pənəliyev Təbriz Novruz oğlu Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib Əliyev Sevindik Mehman oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi İnzibati protokol tərtib edilib Zərbəliyev Kərim Məhbub oğlu Xətai rayonu, Cavanşir küçəsi 44 İnzibati protokol tərtib edilib Abşeron rayonu üzrə Babakişiyev Əli Oruc oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi İnzibati protokol tərtib edilib Məmmədli Rəhim İlqar oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi İnzibati protokol tərtib edilib

Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “HALAL” uyğunluq sertifikatını almış “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə (ASC) media subyektlərinin nümayəndələri üçün mediatur təşkil olunub. Mediatur çərçivəsində jurnalistlərlə keçirilən görüşdə bildirilib ki, bir müddət əvvəl Siyəzən rayonunda fəaliyyət göstərən “Siyəzən Broyler” ASC “HALAL” sertifikatlaşma ilə bağlı AQTİ-yə müraciət edib. Bu müraciət əsasında Cəmiyyətə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən qida subyektinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bu da ilk növbədə müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır. Eyni zamanda vurğulanıb ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilib. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartı əsasında həyata keçirilib. Həmçinin bildirilib ki, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. İştirakçılara halal sertifikatlaşma prosesinin mərhələləri və kateqoriyaları haqqında da məlumat verilib. Eyni zamanda hazırda “HALAL” sertifikatlaşma ilə bağlı İnstituta müraciət etmiş müəssisələrlə bağlı müvafiq işlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Görüşdən sonra jurnalistlər müəssisənin fəaliyyəti ilə tanış olublar. Onlar xammalın yoxlanılması, quşların kəsimi və məhsulun emalı proseslərini izləyiblər. Bildirilib ki, müəssisədə quşların yemləndirilməsi xüsusi qaydada aparılır, yem və yem əlavələrinə daim nəzarət edilir. Kəsim üçün quşlar seçilərkən isə müvafiq qaydalar, o cümlədən də onların sağlamlığı və təmizliyi əsas götürülür. Kəsimdən əvvəl quşlar baytarlıq nəzarətindən keçirilir. Quşların kəsimi də müvafiq qaydalara uyğun aparılır. Bu zaman kəsim alətlərinin uyğunluğu və təmizliyi də nəzərə alınır. Məhsulun emalı zamanı qanın axıdılması və təmizləmə prosedurları yoxlanılır. İstehsal prosesində qanın məhsula qarışmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür, qida təhlükəsizliyi təmin olunur. Mediatur çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Kırcali vilayətində xırdabuynuzlu heyvanların çiçək, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Kırcali vilayətində xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi və Yuta ştatlarında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA sədri Qəbələdə vətəndaşları qəbul edib
AQTA sədri Qəbələdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 20-də Qəbələ Mədəniyyət Mərkəzində Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. AQTA sədri qəbul zamanı dövlət başçısının rəhbərliyi ilə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatların əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib

Qarabağ Universitetinin tələbələri üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi və təhlükəsiz qidalanma ilə bağlı təlimlər təşkil edilib.  Təlimlər “Qida məhsullarının təhlükəsizliyi və markalanma”, “Şəxsi gigiyena və sağlam qidalanma” və “İstehlakçı hüquqları” mövzularında olub. İki gün davam edən təlimlər iştirakçılara qida təhlükəsizliyi, sağlam qidalanma prinsipləri, şəxsi gigiyena və istehlakçı hüquqları barədə məlumat vermək məqsədilə həyata keçirilib.  Təlimlər çərçivəsində tələbələr İnstitutun fəaliyyət istiqamətləri barədə də ətraflı məlumatlandırılıb. AQTİ-nin Xidmətlərin təşkili departamentinin müdir müavini Ziyabəddin Hüseynov ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində fəaliyyət göstərən qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar haqqında məlumat verib. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparıldığı diqqətə çatdırılıb. “Qida məhsullarının təhlükəsizliyi və markalanma” mövzusunda keçirilən təlimdə iştirakçılar qida təhlükəsizliyinin əhəmiyyəti, əsas risklər və onlardan qorunma üsulları, o cümlədən qida zəhərlənməsi və simptomları, çirklənmə, mikroorqanizmlər və temperatur rejimi barədə məlumatlandırılıb. Həmçinin onlara qida məhsullarının üzərindəki etiket məlumatlarına diqqət yetirilməsinin əhəmiyyəti izah edilib. Məhsulların istehsal və son istifadə tarixi, tərkib hissələri və allergenlər, sertifikatlar və keyfiyyət nişanları haqqında məlumat verilib.  “Şəxsi gigiyena və sağlam qidalanma” mövzusunda təşkil olunan təlim zamanı tələbələr şəxsi gigiyenanı qorumanın qida təhlükəsizliyindəki roluna dair məlumatlandırılıb. Onlara əllərin düzgün yuyulması texnikası, təmizlik, geyim gigiyenası və yemək hazırlayarkən əməl edilməli olan gigiyenik qaydalar barədə məlumat verilib. Eyni zamanda tələbələrə sağlam qidalanmanın prinsipləri izah edilib. Onlar qida piramidası və balanslı qida qəbulu, zərərli qidalardan uzaq durma yolları və gündəlik normaya uyğun su qəbulunun əhəmiyyəti haqqında məlumatlandırılıb.  “İstehlakçı hüquqları” ilə bağlı keçirilən təlimdə iştirakçılara istehlakçı hüquqlarına dair əsas qanunlar, tələblərə uyğun olmayan məhsulların geri qaytarılması proseduru, təhlükəsiz məhsul seçimi zamanı diqqət yetirilməli olan məqamlar və digər məsələlər barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb.  Təlimlər zamanı mövzuya uyğun praktiki məşğələlər təşkil olunaraq müzakirələr aparılıb və suallar cavablandırılıb. Həmçinin tələbələrin təlimlərdə əldə etdikləri biliklər qiymətləndirilib.

AQTA bayram günlərində saxta spirtli içkilərlə bağlı istehlakçıları diqqətli olmağa çağırıb
AQTA bayram günlərində saxta spirtli içkilərlə bağlı istehlakçıları diqqətli olmağa çağırıb

Yeni il bayramı ərəfəsində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları diqqətli olmağa çağırıb. Bəzi xarici ölkələrlə yanaşı, ölkəmizdə də bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, istehlakçıların da bu məsələdə daha diqqətli olması tövsiyə olunur. Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Eyni zamanda ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmələri, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etmələri tövsiyə olunur.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir