
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan İctimai Şuranın sədri Nazim Səfərov qarşıda duran cari məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı və təsdiqi barədə qaydalar, bu sahədə həyata keçirilən tədbirlər, həmçinin cavabdeh qida subyektinin əməl etməsi vacib məsələlər nəzərdən keçirilib. Şura üzvləri müzakirələr zamanı sahibkarlıq subyektlərinə çağırış edərək bu sahədə fəaliyyətin qanunun tələblərinə uyğun qurulmasının önəmini vurğulayıblar. Tədbirdə AQTA rəsmisi Elxan Mikayılov çıxış edərək diqqətə çatdırıb ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Bildirilib ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi üçün sahibkarlar Agentliyə müraciət etməlidirlər. Görüş zamanı sahibkarlar arasında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir. Xəbər verildiyi kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin müraciəti əsasında Agentlik tərəfindən müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur. Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi aparılmadan fəaliyyəti qadağandır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, təsdiq olunmadan fəaliyyət göstərən qida subyektlərinə cərimə nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələri təsdiqi tələb olunan bu cür qida məhsullarının qəbulu zamanı həmin obyektlərin təsdiqi ilə bağlı çıxarışı və digər müşayiətedici sənədləri tələb edilməlidir. Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektləri aşağıdakılardır: - heyvan mənşəli qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan qida obyektləri; - kənd təsərrüfatı heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri, - kəsim məntəqələri; - ev (kənd təsərrüfatı) quşlarının və dovşankimilərin ətinin istehsalı ilə məşğul olan qida obyektləri; - fermer təsərrüfatlarında saxlanılan ov heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri; - vəhşi ov heyvanlarının ətinin istehsalı və emalı ilə məşğul olan qida obyektləri; - ətin farş edildiyi, hazırlandığı və çeşidləndiyi qida obyektləri; - ət məhsullarının emalı ilə məşğul olan qida obyektləri; - balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri; - süd və süd məhsullarının emalı ilə məşğul olan qida obyektləri; - yumurta və yumurta məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri; - qurbağa ayaqları və ilbiz istehsalı ilə məşğul olan qida obyektləri; - heyvanların daxili orqanlarının emalı ilə məşğul olan qida obyektləri; - jelatin istehsalı ilə məşğul olan qida obyektləri; - kollagen istehsalı ilə məşğul olan qida obyektləri; - alkoqollu içkilər, qida spirtinin yerli istehsal və emal müəssisələri; - tərkibində yem əlavələri və insan istehlakı üçün nəzərdə tutulmayan heyvan mənşəli sub məhsullar olan yem məhsulları istehsal edən müəssisələr və yem əlavələri istehsal edən müəssisələr. Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın https://e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər.

Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "II Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib. Forum Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) dəstəyi ilə baş tutub. Forumda AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev açılış nitqi ilə çıxış edib. Ə. Nəbiyev Ümummili Liderin reallaşdırdığı kənd təsərrüfatı inkişaf konsepsiyasının ölkəmizdə qida məhsullarının keyfiyyətinin təmin edilməsinə və qida sənayesinin inkişafının sürətlənməsinə əlverişli zəmin yaratdığını bildirib. Qeyd edilib ki, Ulu Öndərin hakimiyyəti illərində qida məhsulları, bitki və heyvan sağlamlığı sahələrində qəbul olunan normativ sənədlər müvafiq sahələrin təməlini qoyub. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların, o cümlədən qida təhlükəsizliyi sahəsindəki təşəbbüslərin əhalinin sağlam və keyfiyyətli qida ilə təmin olunmasına mühüm töhfələr verdiyi qeyd edilib. Məlumat verilib ki, qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğun qurulması və qida sənayesində tətbiq olunan yeni yanaşmalar son illərdə bu sahədə böyük irəliləyişlərə səbəb olub. Ə. Nəbiyev çıxışında qida obyektlərində HACCP, eləcə də qida məhsullarının izlənmə sisteminin tətbiqinin müəssisələrdə qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını da qeyd edib. Forumda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev də açılış nitqi ilə çıxış ediblər. Daha sonra qida sənayesi və qida təhlükəsizliyinə dair müxtəlif məsələlərin müzakirə edildiyi iki panel baş tutub. "Qida təhlükəsizliyi" panelində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional Bölməsinin rəis müavini Firdovsi Ələkbərov "Saxta Qida məhsulları və ictimai nəzarət" mövzusunda çıxış edib. Növbəti "Qida sənayesi" panelində isə AQTİ-nin Xidmətlərin təşkili departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri Maşallah Tağıyev moderator olaraq iştirak edib. Qeyd edək ki, forumda qida sənaye sahəsini təmsil edən yerli və xarici ekspertlər, dövlət və özəl sektor nümayəndələri, müvafiq sahədə təhsil alan tələbələr, gənc müəllim və alimlər iştirak edib. Panel müzakirələri zamanı qida təhlükəsizliyi və bitki mühafizəsi, heyvandarlıq məhsullarının keyfiyyəti və təhlükəsizliyi, qida təhlükəsizliyinin qlobal və regional çağırışları, qida sənayesində müasir texnologiyalar və innovasiyalar, iqlim dəyişikliyi və qida sənayesi kimi mövzularda çıxışlar olub.

Fransa Respublikasının Paris şəhərində “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Gələcək İşləri ilə bağlı Seminar” keçirilib. Seminarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini - Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib. Seminarın təşkil olunmasında əsas məqsəd təşkilata üzv ölkələrdə bitki mühafizə vasitələrinin qeydiyyatına və bitki sağlamlığının tənzimlənməsinə cavabdeh olan qurumlara öncədən göndərilmiş sorğunun nəticələrinə əsasən, “EPPO-nun həm Fitosanitar Qaydalar, həm də Bitki Mühafizəsi Vasitələri sahəsində 2026-2030-cu illər üzrə Strateji Planı”nın inkişafı üçün ideya və təkliflərin verilməsi olub. Seminara 18 üzv ölkədən, Avropa Komissiyasından və EPPO Katibliyindən ümumilikdə 28 ekspert qatılıb. Seminar zamanı təşkilatçılar tərəfindən EPPO-nun fəaliyyəti ilə əlaqədar verilmiş suallar əsasında səsvermə yolu ilə qiymətləndirmələr həyata keçirilib, qruplar şəklində müzakirələr aparılıb, eyni zamanda EPPO-nun bitki sağlamlığı və karantini, o cümlədən bitki mühafizəsi sahəsində hazırladığı müvafiq sənədlər, həmçinin göstərilən xidmətlərin üzv ölkələr üçün effektivliyi təhlil edilib və müzakirələr nəticəsində iştirakçılar tərəfindən təqdim olunmuş cavablar əsasında EPPO-nun gələcək işləri üzrə təkmilləşdirmələrin aparılmasına ehtiyac olan istiqamətlər müəyyən edilib. Sonda EPPO-ya üzv ölkələrin səlahiyyətli nümayəndələrinin, habelə EPPO Katibliyi əməkdaşlarının iştirakı ilə aparılmış müzakirələrin nəticələrinə əsasən, “EPPO-nun həm Fitosanitar Qaydalar, həm də Bitki Mühafizə Vasitələri sahəsində 2026–2030-cu illər üzrə Strateji Planı”nın ilkin redaksiyası hazırlanıb. 2 gün davam edən tədbir çərçivəsində EPPO-nun gələcək işləri ilə bağlı Strateji Planın hazırlanması məqsədilə Cavidan Quliyev Agentliyin bu sahə üzrə fəaliyyət istiqamətinə uyğun ideya və təkliflərini bildirib, eyni zamanda qarşıya qoyulan suallar əsasında ölkəmizdə bitki sağlamlığı və karantini, o cümlədən bitki mühafizəsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib və digər ölkələrin təcrübələrinin öyrənilməsi üçün fikir mübadiləsi aparıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən “HALAL” sertifikatlaşma prosesini davam etdirir. Proses çərçivəsində artıq 8 qida subyekti tərəfindən “HALAL” sertifikatlaşma ilə bağlı İnstituta müraciət olunub. Bu müraciətlər əsasında “Səhliyalı” Kiçik Müəssisəsinə məxsus iribuynuzlu heyvan kəsimi və süd məhsullarının emalı və “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən hər iki qida subyektinin müəssisələrinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Müraciət etmiş digər müəssisələrlə bağlı müvafiq işlər həyata keçirilməkdədir. Qeyd edək ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub və təqdim olunan sertifikat İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) üzv olan ölkələrdə tanınır. Bu o deməkdir ki, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahibdir. “HALAL” sertifikatın təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müəssisə tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır. Ardınca obyektin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə proseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. Halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, o cümlədən ev quşlarının kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda, emal olunmuş ət məhsullarını əhatə edir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Lixtenşteyn Knyazlığının Şellenberq şəhərində və Fransa Respublikasının Bretan regionunda blutanq, Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Şellenberq şəhərində və Bretan regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Oklahoma ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin təmin olunması məqsədilə “Rəf ömrünün təyini” sınaqlarına start verib. Sınaqların aparılmasında məqsəd qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflər arasında qida təhlükəsizliyinə olan inamın artırılması, həmçinin istehlakçıların məhsulların saxlanma müddətinə dair elmi əsaslarla məlumatlandırılmasıdır. Rəf ömrünün təyin edilməsi istehsal prosesindən başlayaraq məhsulun son istehlak tarixinə qədər olan bütün mərhələləri əhatə edir və məhsulun mikrobioloji, fiziki-kimyəvi və toksikoloji parametrlərinin təhlilinə əsaslanır. Qida məhsullarında rəf ömrünün təyin edilməsi sınaqları bu sahədə fəaliyyət göstərən istehsalçılara müxtəlif istiqamətlərdə dəstək verəcək: - məhsulun saxlanma müddətinin optimal şəkildə müəyyən olunması; - keyfiyyətin qorunması üçün uyğun saxlama şəraitinin təyin edilməsi; - istehlakçıların sağlamlığının qorunması üçün təhlükəsiz qida məhsullarının istehsalı. Bu yenilik, həm yerli bazar məhsullarının, həm də ixrac təyinatlı məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına mühüm töhfə verəcəkdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihə çərçivəsində 2024-2025-ci tədris ili üzrə ilk görüşlər Füzuli rayonunun Əhmədbəyli, Kərimbəyli və Yağlavənd kənd orta məktəblərində, İmişli rayonunun 5 və 7 nömrəli şəhər tam orta, Yusif Sadatxanov adına Aranlı kənd 1 nömrəli və H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəblərində, Beyləqan rayonunun 3 nömrəli şəhər, Kəbirli kənd 1 nömrəli və Dünyamalılar kənd 1 nömrəli tam orta məktəblərində və Humanitar təmayüllü liseydə, Ağstafa rayonunun Vurğun qəsəbə H.Əzizov adına, A.Ələkbərov adına Köçəsgər kənd 2 nömrəli, A.Mustafayev adına Həsənsu kənd və X.İsmayılov adına Eynallı kənd tam orta məktəblərində keçirilib. Ümumilikdə 15 ümumtəhsil müəssisəsində tədbirlərdə iştirak edən 700-ə yaxın şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin və bitki sağlamlığının təmin olunması, o cümlədən təsərrüfatlarda bitki mühafizə vasitələrindən düzgün istifadənin vacibliyi barədə məlumat verilib. Məktəblilər pestisidlər və onlardan düzgün istifadə, həmçinin müvafiq qaydalara əməl olunmadıqda, ətraf mühit və insan orqanizmi üçün yaratdığı təhlükələr barədə məlumatlandırıb. Eyni zamanda pestisidlərlə çirklənməyə məruz qalmış ərazilərin təhlükəlilik vəziyyəti, bu yerlərdə davranış qaydaları və ehtiyat tədbirlər haqqında məlumatlar onların nəzərinə çatdırılıb. Eləcə də pestisidlərdən istifadə və digər məsələlərlə bağlı suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda görüşlərdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara pestisidlərə dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, AQTA “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verib. Layihə şagirdlər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və məktəblilərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir. Ötən müddətdə minlərlə şagird layihənin məqsədinə uyğun olaraq müxtəlif mövzularda məlumatlandırılıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir. Bu çərçivədə bu gün qida məhsullarının topdan və pərakəndə satışı, bazarlar, satış şəbəkələri və qida məhsullarının ticarətinə aid digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının ticarəti zamanı qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Q.Təhməzli bundan əvvəl pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalı, çörək istehsalı, dəyirman və taxıl idxalı, süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahələrində, eləcə də ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarları qəbul edib. Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin ərizəsinin qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində Agentlik tərəfindən müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur. Qiymətləndirmə zamanı aşkarlanmış uyğunsuzluqlar infrastruktur və avadanlıqla əlaqəli olmadığı, həmçinin təhlükəli qida və yem məhsullarının istehsalına və emalına şərait yaratmadığı halda isə qida obyekti uyğunsuzluqların 90 təqvim günündən gec olmayaraq aradan qaldırılması şərtilə təsdiq edilir. Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qeydiyyatı yenidən qiymətləndirilməklə təsdiq edilənədək öz qüvvəsini saxlayır. Bu səbəbdən də, cavabdeh subyektlər öz müəssisələrinin yenidən qiymətləndirilməsi üçün Agentliyə müraciət etməlidirlər. Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın https://e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida obyektinin təsdiq olunması ilə bağlı Reyestdən çıxarış üçün iri və orta sahibkarlıq subyektlərinə münasibətdə dövlət rüsumunun ödənişi nəzərdə tutulub. Qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) isə dövlət rüsumundan azaddır. Məlumat üçün bildiririk ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Sahibkarlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektlərinin siyahısı, eləcə də digər məsələlər barədə məlumat əldə etmək üçün Agentliyin “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Ölkəmizdə səfərdə olan Belarus Respublikasının “BelVitunifarm” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. Görüş çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Ə.Nəbiyev və “BelVitunifarm” ASC-nin Baş direktoru İ.Darovskix ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı əməkdaşlıq və məxfilik müqaviləsi imzalayıblar. “Əməkdaşlıq Müqaviləsi”ndə Azərbaycanla Belarus arasında sənaye əməkdaşlığının inkişafı, həmçinin respublikamızda müvafiq istehsal müəssisəsinin yaradılması ilə ölkəmizin öz istehsalı olan baytarlıq preparatları ilə təmin edilməsi və digər dövlətlərə satışının həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda sənəddə quduzluğa qarşı vaksin tərkibli hazır aldadıcı yemlərin və kimyəvi-əczaçılıq baytarlıq preparatlarının istehsalının təşkili, eləcə də baytarlıq preparatlarının istehsalı və istifadəsi sahəsində mütəxəssislərin hazırlanması, məsləhətləşmələrin aparılması, işçilərin ixtisaslarının artırılması üçün müvafiq sahələr üzrə təlimlərin keçirilməsi, yeni elmi tədqiqatlar haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması və digər məsələlər əksini tapıb. Daha sonra ölkəmizdə səfərdə olan nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Əmiraslanov Vasif Hidayət oğluna məxsus “Güvən Lahmacun” restoranında planlı yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, mətbəxdə və anbar sahəsində divarların asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin xüsusi ayrılmış yerdə saxlanmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, restoranın fəaliyyəti məhdudlaşdırılıb.