Bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçıları ilə görüş keçirilib
6 Aprel 2021 18:37
Aprelin 6-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçıları ilə pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı qaydaları ilə bağlı onlayn görüş keçirib.
Görüşdə AQTA-nın sədr müavinləri Rəşad Mafusov, Balarəhim Quliyev, AQTA yanında İctimai Şuranın üzvləri, eləcə də bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçıları iştirak edib.
AQTA-nın sədr müavini Rəşad Mafusov ölkəmizdə bitki sağlamlığının təmin olunmasını, standartlara cavab verən yüksək keyfiyyətli məhsulların əldə edilməsini, həmçinin işğaldan azad olunmuş torpaqlarda zəngin bitki örtüyünün bərpası məsələlərini qarşıda qoyulan əsas vəzifələrdən biri kimi xarakterizə etmiş, pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunmasının vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2007-ci il tarixli, 10 nömrəli Qərarından irəli gələn tələblərə uyğun olaraq, qeydiyyatdan keçməyən, standartların və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin idxalı cəhdləri yolverilməzdir. Bu istiqamətdə sahibkarların maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Görüşdə həmçinin, beynəlxalq təcrübəyə uyğun olaraq, bitki mühafizə vasitələri və gübrələrdə təsiredici maddələrlə bağlı mütəmadi araşdırmaların aparılması və təsiredici maddələrin qadağa siyahısının elmi əsaslarla əldə olunmuş nəticələrə uyğun olaraq yenilənməsi məsələləri də diqqətə çatdırılmışdır.
Bununla bağlı olaraq müvafiq qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası” tərəfindən təsiredici maddələrlə bağlı aparılan elmi araşdırmaların nəticələri və beynəlxalq ekspertlərin rəyləri əsasında bir sıra təsiredici maddələr qadağa siyahısına əlavə olunub.
Bu haqda idxalçı sahibkarlara məlumat verilmiş və xarici partnyorları tərəfindən nəzərə alınması üçün onların əvvəlcədən məlumatlandırılması tövsiyə olunmuşdur. Diqqətə çatdırılmışdır ki, qadağa siyahısı rəsmi prosedurlar başa çatdıqdan sonra ictimailəşdiriləcək.
Onlayn görüşdə bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçılarının sualları cavablandırılıb, sahibkarlar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb və müvafiq tövsiyələr verilib.
Oxşar xəbərlər

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 70-də həm kəsim, həm satış, 29-da qurbanlıq heyvanların yalnız satışı, 27-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: