COP29 tədbiri ilə bağlı təlimlər davam edir
14 May 2024 12:09
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” “Qida sahəsində gigiyena tələbləri” mövzusuna həsr edilib.
Onlayn keçirilən tədbirdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub. Daha sonra qida zənciri boyunca fəaliyyət göstərən müxtəlif sahibkarlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. Həmçinin onlar Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən işlər barədə məlumatlandırılıb.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.
Oxşar xəbərlər
COP29 çərçivəsində qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir
Ölkədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Agentliyin əməkdaşları bu ilin aprel ayından COP29 başlayanadək olan dövrdə Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə, ümumilikdə 48 keytrinq xidməti ilə məşğul olan obyektdə, 350 hoteldə və qonaqlar üçün nəzərdə tutulan əlavə 11 rezidensiyada qiymətləndirmə aparıb. Qiymətləndirmə çərçivəsində aşkarlanan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Təkrar qiymətləndirmələr zamanı isə uyğunsuzluqların aradan qaldırıldığı müəyyən edilib. Həmçinin qeyd olunan dövrdə 1514-ü ticarət, 5272-si ictimai iaşə olmaqla, ümumilikdə 6786 müəssisədə monitorinq aparılıb. Eyni zamanda ümumilikdə 1107 olmaqla, hotellərin ətrafında yerləşən 845 və metro stansiyalarının yanındakı 262 ictimai iaşə müəssisəsində qiymətləndirmə həyata keçirilib. Bu nəzarət tədbirləri çərçivəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması Agentliyin əməkdaşlarının müvafiq tövsiyələri əsasında təmin edilib. AQTA-nın nəzarət tədbirləri COP29 başlayandan sonra da davam etdirilir. Agentliyin əməkdaşları tərəfindən Bakı Olimpiya Stadionunun qidaların hazırlanması, qəbulu və satışı həyata keçirilən sahələrində mütəmadi nəzarət tədbirləri görülür, məhsulların tələblərə uyğunluğu qiymətləndirilir. Həmçinin qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında ekspertizalara cəlb olunur. Eyni zamanda operativ nəticələr əldə etməkdən ötrü stadionun ərazisində yerləşdirilmiş İnstitutun 2 mobil laboratoriyasında ekspres üsullarla müvafiq analizlər aparılır. Bundan başqa, Agentliyin əməkdaşları rezidensiyalarda, həmçinin Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən hotellərdə mütəmadi monitorinqlər keçirir. Eləcə də ictimai iaşə müəssisələrində, o cümlədən metro stansiyalarının ətrafındakı obyektlərdə gündəlik nəzarət tədbirlərini həyata keçirir. Artıq bu çərçivədə 572 ictimai iaşə müəssisəsində monitorinq aparılıb. Nəzarət tədbirləri zamanı aşkarlanan müəyyən nöqsanların Agentliyin əməkdaşlarının tövsiyələri əsasında müəssisələrin məsul şəxsləri tərəfindən dərhal aradan qaldırılması təmin olunur.
AQTA 350 hotelin qidalanma blokunda yoxlama aparıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində AQTA tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 hotelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə aparılan bir sıra hotellərin qida blokunda qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 hotelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. Bu istiqamətdə nəzarət və tənzimləmə işləri davam etdirilir. Bundan başqa, Agentlik tərəfindən ölkəmizin digər regionlarında yerləşən 159 hotelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Bakıda COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilib
Cari ilin noyabrında Bakı şəhərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium keçirilib.