COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
4 İyun 2024 15:21

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Cari ilin 31 may - 3 iyun tarixlərində 55 ticarət və 84 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 55 ticarət və 83 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Monitorinqlər zamanı aşkarlanmış nöqsanlar aşağıdakılardır:
- qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması;
- məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması;
- izləmə sisteminin (QR kod) tətbiq olunmaması;
- mal qonşuluğu prinsipinin pozulması;
- temperatur rejiminə riayət olunmaması;
- süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması;
- istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması;
- sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması;
- mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması;
- obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

Süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası və süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə süd emalı müəssisələrində aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, eləcə də çiy süddə Aflatoksin M1 üzrə uyğunsuzluqlar, onun yaranma səbəbləri və qarşısının alınması üçün görülməli olan qabaqlayıcı tədbirlər sahibkarların nəzərinə çatdırılıb. Eyni zamanda süd emalı müəssisələrinə dair mövcud tələblər, onların qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Astarada fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Əliyeva Cəmilə Əli qızına məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kq müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
