Dönərxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
14 Avqust 2024 17:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.
Ölkə üzrə monitorinq keçirilən 310 müəssisədə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilib ki, onlardan 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.
Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumillikdə, 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.
Aparılan yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar 21 müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 1 müəssisədə çiy dönər emalının dayandırılması, 16 müəssisədə iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Həmçinin aşkar edilən pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Əlavə edək ki, Agentlik tərəfindən aparılan nəzarət tədbirləri ilə yanaşı, dönər satışı həyata keçirilən qida obyektlərində sağlamlaşdırıcı tədbirlər də icra edilib, sahibkarlara metodiki dəstək göstərilib. Belə ki, görülən tədbirlər nəticəsində 14 müəssisədə sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Eyni zamanda, dönər satışı həyata keçirilən 310 obyektdə istehlakçıların maarifləndirilməsi məqsədilə hazırlanan posterin yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, həmin ictimai iaşə müəssisələrinin rəhbərlərinə bu sahədə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib.
Oxşar xəbərlər
Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa yolunun üzərində yerləşən fiziki şəxs Kərimov Şıxəli Hacıağa oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Müəssisənin antisanitar şəraitdə, heç bir qida təhlükəsizliyi tələbləri gözlənilmədən fəaliyyət göstərdiyi, istifadə edilən ət və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Eyni zamanda, obyektdə mənşəyi məlum olmayan, açıq saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edilməsi halları da aşkarlanıb. Nöqsanlarla bağlı inzibati xəta haqqında protokol tərtib olunub, istehlaka təqdim edilən ət və araq məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Alkoqollu içkilərin dövriyyəsi qadağan edilib, həmçinin müəssisədə nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Gəncə şəhəri və Göygöl, Samux rayonlarında fəaliyyət göstərən bir neçə ictimai iaşə müəssisəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, 4 ictimai iaşə müəssisəsində müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb və fəaliyyətlərinin davam etdirilməsinə icazə verilib. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, fiziki şəxs Əlizadə Alim Mövsüm oğluna məxsus ictimai iaşə müəssisəsi; 2. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti və X.Şirvani küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Natiq oğluna məxsus çayxana; 3. Göygöl rayonu, Göygöl şəhəri, A.Kazımov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Ruhiyə Namaz qızına məxsus çayxana; 4. Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Mehvalıyev Elvin Rza oğluna məxsus çayxana.
Nəzarət tədbirləri - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Sumqayıt və Şirvan şəhərində fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Giriş