Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
10 Sentyabr 2024 09:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Norveç Krallığının Aqder kantonunda blutanq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Aqder kantonunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
AQTA sədri Ağcabədidə istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli vətəndaşların qəbulu ilə əlaqədar Ağcabədi rayonuna səfəri çərçivəsində “Atena” MMC-də olub. Agentliyin sədri “Atena” MMC-yə məxsus süd zavoduna və maldarlıq fermasına baxış keçirib. Q.Təhməzli zavoda daxil olan xammal, istehsal prosesi, müəssisədə sanitar-gigiyenik tələblərin gözlənilməsi və avtomatlaşmış idarə sistemləri ilə tanış olub. Eyni zamanda Agentlik sədrinə fermada saxlanılan heyvanlar, istehsal olunan məhsul, heyvanlara göstərilən baytarlıq xidmətləri, xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması, fermanın daxilində bioloji təhlükəsizliyin tələblərinin gözlənilməsi barədə məlumat verilib. Fermanın daxili elektron sistemi nümayiş olunub, heyvanların fizioloji sağlamlıq vəziyyətinin elektron izlənilməsi ilə tanışlıq həyata keçirilib. Həmçinin müəssisədə istehsal edilən müxtəlif süd məhsulu çeşidlərinin ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Agentlik sədri tərəfindən zəruri tapşırıq və tövsiyələr verilib.
Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin elektron sisteminin (AQTİS) “E-Fito” (ePhyto) platformasına inteqrasiyası işləri yekunlaşıb. Bununla da innovativ həllərin tətbiqi ilə Agentlik tərəfindən fitosanitar sertifikatların elektron verilməsi imkanları daha da genişlənib. “E-Fito” - elektron fitosanitar sertifikat mübadiləsidir. Bu innovativ həll Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) tərəfindən hazırlanmış elektron platformadır. Bu sistem fitosanitar sertifikatların ölkələr arasında təhlükəsiz və effektiv şəkildə mübadiləsini təmin edir. Sertifikatlar idxalçı ölkənin fitosanitar tələblərinə cavab verdiyini təsdiqləyərək, ticarət edilən bitkilərin, bitkiçilik məhsullarının və digər tənzimlənən yüklərin zərərvericilər və xəstəliklərdən azad olduğunu göstərir. Hazırda dünyada 110-dan artıq ölkə bu sistemə qoşulub. Ölkəmizə bitkiçilik məhsulları ixrac edən bir çox ölkələr sözügedən sistemə qoşulublar. Bu sistemin tətbiqi bir sıra üstünlüklər yaradır. * Effektivlik: Gecikmələri azaldır və sənədlərin fiziki təsdiq olunma ehdiyacını aradan qaldırır. * Təhlükəsizlik: Sertifikatların etibarlılığını təmin edir və saxtakarlıq riskini minimuma endirir. * Şəffaflıq: Maraqlı tərəflər üçün real vaxtda yeniliklər və izləmə imkanı yaradır. * Ekoloji təsir: Kağız istifadəsini və əlaqəli emissiyaları azaldır. Bu sistem, inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdə səmərəli iştirakına imkan yaradır. Çünki elektron sistem böyük infrastruktur sərmayəsi tələb etmir. Qeyd edək ki, “E-Fito” platformasından istifadə etmək, ixrac və idxal proseslərinin səmərəliliyini, şəffaflığını və təhlükəsizliyini artıracaq, eyni zamanda beynəlxalq standartlara uyğunluğu təmin edəcəkdir.
Qida təhlükəsizliyi tələblərini pozan şirin buğda emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, ev 72 ünvanında fəaliyyət göstərən fiziki şəxs Orucov Sarvan Kazım oğluna məxsus şirin buğda emalı müəssisəsində yoxlama keçirilib.