Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
1 Aprel 2024 14:20

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Sloveniya Respublikasının Podravska və Gorenska regionlarında, İspaniya Krallığının isə Kastiliya-Leon və Kataloniya muxtar icmalarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

ABŞ-nin bəzi ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Virciniya, Corciya, Arizona, Vaşinqton, Nyu-York ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlara çağırış edib
Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası məqsədilə müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir. Agentlik fəaliyyətə başladığı dövrdə ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 15 olsa da, müvafiq qurumlarla birgə görülmüş işlər nəticəsində bu rəqəm hazırda 102-ə çatdırılıb. Təəssüflə qeyd etməliyik ki, hələ də ölkənin bəzi rayonlarında, o cümlədən İmişli, Beyləqan, Saatlı, Sabirabad və bir sıra digər rayonlarda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində gecikmələr mövcuddur. Bu rayonlarda heyvandarlıq sahəsinin inkişaf etməsinə baxmayaraq, qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvan sağlamlığının izlənilməsi və biotəhlükəsizliyin təmin olunması istiqamətində maneələr yaradır. Bununla bağlı Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları həmin ərazilərdə qanunvericiliyə uyğun yerli heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir. Həmçinin bildirilir ki, sahibkarlar heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən metodiki köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatlar əldə etmək üçün AQTA-nın regional bölmələrinə müraciət edə bilərlər.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 3-7 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı İmişli, Ağcabədi və Tərtər rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
