Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
17 İyul 2024 14:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Fessaliya və Mərkəzi Yunanıstan inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların taun, Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Fessaliya və Mərkəzi Yunanıstan inzibati ərazi vahidində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən sözügedən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin qeyd olunan ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə həmin məsafədən Azərbaycan Respublikasının ərazisindən yuxarıda göstərilən heyvanların tranzitinə, Kolorado ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzv seçilib. Üzvlük çərçivəsində ölkəmiz dabaq xəstəliyinə və oxşar transsərhəd heyvan xəstəliklərə qarşı hazırlığın və nəzarətin gücləndirilməsində Komissiya ilə sıx əməkdaşlıq edəcək. Azərbaycan EuFMD proqramı vasitəsilə təklif olunan geniş texniki dəstək və imkanlardan faydalanacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iki il ərzində təlim proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, üzv ölkələr dabaq və oxşar transsərhəd heyvan xəstəliklərinə nəzarət ilə bağlı bütün məsələlər üzrə texniki məsləhətlər ala biləcək, fövqəladə hallar zamanı yardım, o cümlədən böhranların koordinasiyası və cavab tədbirlərində dəstək göstəriləcək.
Heyvanların identifikasiyası heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə imkan yaradır
Ölkədə heyvan sağlamlığının qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin edilməsi məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) tətbiqi uğurla davam edir. Bu sistem xəstəliklərin diaqnostikası və profilaktikası üzrə həyata keçirilən tədbirlərə nəzarəti gücləndirməklə yanaşı, heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə geniş imkan yaradır. Hazırda ölkəmizdə identifikasiya məqsədilə vizual və elektron qulaq birkaları, mikroçiplər və bolyuslar kimi innovativ vasitələrdən geniş istifadə olunur. Bu yanaşma hər bir heyvan üzrə tətbiq olunan peyvəndlər, antibiotiklər və digər baytarlıq preparatları, həmçinin qoyulmuş diaqnozlar barədə məlumatların vahid elektron bazada toplanmasına şərait yaradır. Toplanmış məlumatlar heyvan sağlamlığı ilə bağlı vəziyyətin operativ təhlilinə imkan verir, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasını xeyli asanlaşdırır. Bununla yanaşı, sistem heyvanların genetik xətt üzrə izlənilməsinə, damazlıq işinin daha səmərəli təşkilinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verir. Ümumilikdə, heyvanların identifikasiyası heyvan və heyvan mənşəli məhsulların izlənilməsini təmin etməklə ölkədə bioloji təhlükəsizliyin möhkəmləndirilməsində və insan sağlamlığının qorunmasında mühüm rol oynayır. Qeyd edək ki, HİQS-də bugünədək 916 842 baş heyvan qeydiyyata alınıb. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz:
Masallı və Ağsu heyvan bazarları açılıb - VİDEO
Masallı və Ağsu rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Hazırda Abşeron, Cəlilabad və Xaçmaz heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar və Kürdəmir rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Giriş