Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
25 İyul 2023 11:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
ÜHST-nin rəsmi məlumatlarına əsasən, Monqolustanın Dornoqov vilayətində xırdabuynuzlu heyvanların taunu, Polşa Respublikasının Podlask inzibati ərazisində nyukasl, Rusiya Federasiyasının Vladimir və Həştərxan vilayətlərində isə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.
Respublika ərazisini qeyd olunan yoluxucu xəstəliklərdən qorumaq məqsədilə Monqolustanın Dornoqov vilayətindən xırdabuynuzlu heyvanların taunu xəstəliyinə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin həmin ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) ölkəmizə idxalına, habelə adıçəkilən inzibati ərazi vahidindən Azərbaycan ərazisindən qeyd olunan heyvanların tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib. Həmçinin zonalaşma prinsipi nəzərə alınmaqla, Polşanın Podlask inzibati ərazisində xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş yemi əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə edilmiş avadanlıqların, eləcə də Rusiyanın Vladimir və Həştərxan vilayətlərində xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsulların və xammalın, o cümlədən genetik materialların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, ÜHST-nin rəsmi məlumatlarına əsasən, Moldova Respublikasının Unqeni rayonunda və Macarıstanın Baç-Kişkun, Çonqrad-Çanad, Bekeş, Haydu-Bihar, Noqrad inzibati ərazi vahidlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Hər iki halla bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Giriş