Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
23 Yanvar 2023 15:53
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-York, Kentukki, Arkansas ştatlarında və Toqo Respublikasının Maritaym vilayətində qeydə alınmış yüksək patogen quş qripi, Rusiya Federasiyasının Primorski diyarında qeydə alınmış Nyukasl, Serbiya Respublikasının Raşka və Rasina əyalətlərində qeydə alınmış blutanq xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazi vahidlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Amerika Birləşmiş Ştatlarının, Toqo Respublikasının, Rusiya Federasiyasının və Serbiya Respublikasının qeyd olunan inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Oxşar xəbərlər
Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq
Helikopter vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçiriləcək. Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan aldadıcı yemlərin paylanması nəzərdə tutulur. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər. Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir. Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
Quş qripi xəstəliyi ilə bağlı bir sıra ərazilərə bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Nebraska, Miçiqan, Ohayo, Arkanzas, Qərbi Virciniya, Delaver, İndiana ştatlarında və Puerto-Riko ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu inzibati ərazi vahidlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bəzi ərazilərdən heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət qoyulub
Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.