Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
29 Mart 2023 17:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İngiltərənin Kornuoll dairəsində süngərvari ensefalopatiya, Türkiyə Respublikasının Ərzurum, Van vilayətlərində, Liviya Dövlətinin Al-Butnan, Bayda, Derna, Əl-Cəbəl-əl-Əxdar dairələrində dabaq, Moldova Respublikasının Kişinyov şəhərində Nyukasl, İsveçrə Konfederasiyasının Sürix inzibati ərazi vahidində, İsveç Krallığının Skane əyalətində, Macarıstanın Noqrad inzibati ərazi vahidində, Danimarka Krallığının Paytaxt regionunda, Almaniya Federativ Respublikasının Reynland-Pfalts vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə İngiltərənin Kornuoll dairəsindən bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin idxalına, Türkiyə Respublikasının Ərzurum, Van vilayətlərindən və Liviya Dövlətinin Al-Butnan, Bayda, Derna, Əl-Cəbəl-əl-Əxdar dairələrindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Moldova Respublikasının Kişinyov şəhərindən diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına, İsveçrə Konfederasiyasının Sürix inzibati ərazi vahidindən, İsveç Krallığının Skane əyalətindən, Macarıstanın Noqrad inzibati ərazi vahidindən, Danimarka Krallığının Paytaxt regionundan və Almaniya Federativ Respublikasının Reynland-Pfalts vilayətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Giriş