“Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” ilə bağlı nələri bilirik?
30 Oktyabr 2019 12:22
Yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları” qüvvəyə minir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.
Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 400 mq, inozitol 20 mq, qlükoronolakton 250 mq, kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.
Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.
2020-ci ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qayadalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaqdır.
Qeyd edək ki, yeni qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil olunmur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti İtaliyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Teramo şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Heyvanların Rifahı Platformasının İdarəetmə Qrupunun 27-ci iclasında iştirak edib. İclasda heyvan sağlamlığı və rifahı, qida və beynəlxalq ticarətin təhlükəsizliyi, həmçinin Platformanın fəaliyyət planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Teramoda yerləşən Zooprofilaktika İnstitutunun ekspertləri ilə görüşlər də keçirilib. Görüşlər zamanı Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib. Müzakirələrdə heyvanların fərdi identifikasiyası, elektron qeydiyyatı və məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də HİQS-in rəqəmsal infrastrukturunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, İtaliya təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Giriş