Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Rauf Vaqif oğluna məxsus “Biləcəri" ərzaq bazarında monitorinq keçirib. Baxış zamanı bazarda texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, balıqların, süd və turşu məhsullarının soyuducudan kənarda üzəri açıq şəkildə, saxlanma şəraitinə və temperatur rejiminə əməl edilmədən satışa çıxarıldığı müəyyən edilib. Bazarda yüksək riskli məhsulların (ət və süd) müşayiətedici sənədlərinin olmadığı, konservləşdirilmiş məhsulların etiket məlumatlarının qeyd edilmədiyi aşkarlanıb. Həmçinin işçilərin xüsusi geyim ilə təmin olunmadığı müəyyən edilib. Nöqsanlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, satıcılara qanunvericiliyin tələbləri izah olunub. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Zaqatala Rayon İcra Hakimiyyətinin inzibati binasında fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbəri Sərdar Hacıyev, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov iştirak ediblər. Görüşdə fındıqçılıq sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub. Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlərin həyata keçirildiyi qeyd olunub. İxracatçılara bu sahədə tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, mövcud prosedurlara düzgün riayət edilməsi ixrac prosesinin daha şəffaf, operativ və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Tədbirdə həmçinin fındıq məhsullarında aflatoksin riskinin azaldılması üçün vacib tədbirlər diqqətə çatdırılıb. Bölgədə Qəhvəyi mərmər bağacığına qarşı aparılan qış monitorinqlərinin nəticələri təqdim olunub, yaz-yay mövsümündə mübarizə işlərinin daha səmərəli təşkili, əhalinin və fermerlərin maarifləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi müzakirə edilib. Sonda iştirakçıların sualları cavablandırılıb, fındıq istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən Sabunçu bazarında və bazarətrafı qida obyektlərində reyd keçirilib. Baxış zamanı bazarda açıq şəraitdə, soyuducudan kənar, temperatur rejiminə əməl olunmadan və baytarlıq ekspertizasından keçirilməmiş süd və süd məhsullarının, eləcə də ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşuların satışa çıxarıldığı məlum olub. Eyni zamanda bazarın daxilində qanunsuz fəaliyyət göstərən diri quşların satışı və kəsimi sahəsi aşkarlanıb. Burada baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinin pozulduğu, kəsim və satışın antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Bundan başqa, aparılan reyd zamanı bazar ətrafında fəaliyyət göstərən “Kəngərli-203 Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus ət satışı mağazasında qanunsuz olaraq heyvan kəsimi üçün dəmir konstruksiyaların quraşdırıldığı, iri və xırdabuynuzlu heyvanların satışı və kəsiminin baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Nöqsanlarla bağlı qanunsuz quraşdırılmış dəmir konstruksiyalar yerli icra hakimiyyətinin nümayəndələri tərəfindən sökülüb, kəsimin həyata keçirildiyi obyektin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib olunub. Reyd zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün sahibkarlara icrası məcburi göstərişlər verilib, məsələ nəzarətdə saxlanılır. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Bu dəfə yayımlanan videoçarxda Şuranın üzvü, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov fındıq istehsalında təhlükəsizliyin və keyfiyyətin təmin edilməsinin vacibliyindən danışır. O vurğulayır ki, fındığın düzgün emalı və izlənilə bilən istehsal zənciri həm istehlakçı sağlamlığının qorunması, həm də ölkəmizin beynəlxalq bazarlarda etibarlı tərəfdaş imicinin möhkəmlənməsi üçün vacibdir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Zaqatala və Balakən rayonlarının kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin regional bölmələrindən ezam olunan əməkdaşlar 3-cü Tala, Dağlı və İtitala kəndlərində genişmiqyaslı monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər. AQTA əməkdaşları sakinlərlə birlikdə Zaqatala və Balakəndə 600-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Qışlama mərhələsində olan yüz minlərlə zərərverici fərd aşkar edilərək mexaniki üsulla məhv edilib. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə həyata keçirməlidir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən “Bestoll Lüks” MMC-yə məxsus “Kəndli” bazarında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi, eləcə də müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı müəyyən edilib. Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi aşkarlanıb. Bununla yanaşı, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib. Bazara məxsus ərazidə həmçinin daşınma sənədləri olmadan çoxlu sayda diri toyuğun satışı aşkarlanıb. Bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə edilib. Sahibkara icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam edir. Ətraflı link:
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 18-i saat 10:00-da Saatlı Rayon Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 17-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Tədbirdə vurğulanıb ki, zərərvericinin qışlama yerlərinin aşkarlanması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir. Bildirilib ki, Qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində qrup halında toplanır. Məhz bu dövrdə aparılan hədəfli mübarizə növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli müdafiə tədbiri hesab olunur. Qışlama mərhələsində həyata keçirilən məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir. Ölkə üzrə fitosanitar sabitliyin təmin olunması, zərərvericinin yayılma ocaqlarının ləğvi və mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 21-i Zərdabda Mingəçevir, Yevlax şəhərləri və Zərdab, Ucar, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Beynəlxalq ticarət qaydalarına əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) İsrail Dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub. Təqdim olunan fitosanitar sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədlər üzərindəki QR kodlar oxunarkən, müxtəlif xarici ölkələrdə yaradılan saxta “e-afsa.com”, “storage2.me-qr.com” və “cdn.qr-code-generator.com” domeninə yönəlmə baş verir. Qeyd edək ki, AQTA-nın rəsmi domeni “e-afsa.gov.az”dır. Agentlik tərəfindən təqdim olunan sertifikatlar QR kod vasitəsilə oxunarkən, yalnız AQTA-nın rəsmi domeninə yönləndirmə baş verir. Aşkar olunan uyğunsuzluq barədə İsrail Dövlətinin aidiyyəti qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün digər zəruri sənədlər istənilib. Saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Agentlik bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir. İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda təsərrüfat sahiblərindən xahiş olunur ki, Agentliyin təqdim etdiyi sertifikatların QR kodunu oxutduran zaman rəsmi “e-afsa.gov.az” domeninin yazılmasına diqqət etsinlər.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında aparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Hazırda bazar rəhbərlikləri Agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata keçirir. Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır, xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır, heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı, üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri görülür. Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindən kənarlaşdırılır. Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir. Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootoloji stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra bazarların fəaliyyətinə yenidən icazə veriləcək. Heyvan bazarlarında görülən işlərə dair videolink: https://youtu.be/gZEHsm85E2c
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avromed Company” QSC-nin Baş icraçı direktoru Kamran İsgəndərov bioloji aktiv qida məhsullarının təhlükəsiz dövriyyəsi və düzgün istifadəsinin vacibliyinə diqqət çəkir. O bildirir ki, vitamin kompleksləri, balıq yağı, probiotik və kollagen tərkibli məhsullar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu kateqoriyaya aid məhsulların saxtalaşdırılması halları dünya miqyasında ciddi narahatlıq doğurur və nəzarət mexanizmləri zəif olduqda, insan sağlamlığı üçün real risk yaradır. Kamran İsgəndərovun sözlərinə görə, bu cür məhsullar qida rasionunu tamamlayır, lakin onu əvəz etmir. Buna görə də sağlam seçim etmək üçün yalnız rəsmi qeydiyyatdan keçmiş və etibarlılığı sübut olunmuş məhsullardan istifadə edilməlidir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Giriş