Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Heyvan bazarlarında tələblərə əməl olunmalıdır!
Heyvan bazarlarında tələblərə əməl olunmalıdır!

Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. Belə ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma proseslərində tələblərə riayət olunmaması infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.   Ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında bir sıra tələblərə ciddi şəkildə əməl olunmalıdır: -    bazarların ərazisi hasarla sərhədlənməli; -    giriş və çıxışda dezobaryerlər olmalı; -    mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işləri aparılmalı; -    bazara daxil olan heyvanlar müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməli; -    heyvanlar müvafiq təlimatlara uyğun identikləşdirilərək satışa çıxarılmalı; -    ixtisaslı mütəxəssis tərəfindən nəzarət təmin olunmalı; -    heyvanların daşınması müvafiq təlimatlara uyğun yerinə yetirilməli; -    satış üçün bazarlarda uyğun şərait yaradılmalı; -    baytar həkimin nəzarəti təmin edilməlidir. Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb edir. Buna görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi, müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Bazar rəhbərləri onlara təqdim olunan müvafiq təlimatlara əməl etməlidir. Qeyd edək ki, dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyədə xəstə heyvanların virusunun sürətlə yayılması səbəbilə heyvan bazarlarını bağlamaq qərarı verilib. Agentlik tərəfindən davam etdirilən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın ixracına dair Protokol layihəsi imzalanıb
AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın ixracına dair Protokol layihəsi imzalanıb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri ikitərəfli əlaqələrə yeni təkan verib, dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Çin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Çinə səfər edib. Məqsəd Azərbaycanın qida məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsidir. Belə ki, dünya bazarında yüksək keyfiyyəti və zəngin dadı ilə seçilən, Azərbaycanda yetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq. Bununla əlaqədar AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında keçirilən görüşdə “Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol” layihəsi imzalanıb. Həmçinin tərəflər “İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi”ni imzalayıblar. Görüşdə quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələlər müzakirə olunub. Əldə olunmuş razılaşmalar Azərbaycan məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlar üçün geniş imkanlar açır. Qeyd edək ki, AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov Şanxayda keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində idxal və ixracda qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair konfransda iştirak edirlər.

Balakəndə Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi mərmər bağacığı ilə bağlı növbəti iclası keçirilib
Balakəndə Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi mərmər bağacığı ilə bağlı növbəti iclası keçirilib

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Tədbirdə Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkəmizə qonşu Gürcüstandan miqrasiya edən və şimal-qərb və qərb regionlarında kütləvi şəkildə aşkarlanan Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilib. Zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır. Aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində müəyyən edilib ki, qışlama dövründə olan zərərverici yaşayış evləri, ictimai iaşə obyektləri, təsərrüfat tikililəri və digər qapalı məkanlarda daha çox müşahidə edilməkdədir. Təhlillər göstərir ki, zərərvericinin qapalı məkanlarda çoxlu sayda toplanması populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların mübarizə tədbirlərində yaxından iştirakı olduqca vacibdir. Bu səbəbdən sahibkarlar, fermerlər və sakinlər özləri evlərdə və təsərrüfat sahələrində aktiv müşahidə aparmalı, zərərvericini mexaniki üsullarla toplamaqla məhv etməlidir. Evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə, eləcə də təsərrüfatlarda zərərverici ilə mübarizə tədbirləri həyata keçirilməli, mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır.  Qeyd edək ki, Balakən və Zaqatala rayonlarında təşviqat işlərinin aparılması və yerli sakinlərin mübarizə tədbirlərinə cəlb edilməsi üçün ictimaiyyət nümayəndələri ilə  görüşlər də keçirilir.  Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər:       +994 99 708 85 88 (Qərb rayonları üzrə) +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)

İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir. Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər. Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər. AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

AQTA: Vətəndaşların zərərverici ilə mübarizədə yaxından iştirakı olduqca vacibdir
AQTA: Vətəndaşların zərərverici ilə mübarizədə yaxından iştirakı olduqca vacibdir

Qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığının respublikanın Zaqatala-Balakən zonasında kütləvi şəkildə müşahidə edilməsi zərərvericinin biologiyasına uyğundur. Elmə əsaslanan faktlar göstərir ki, hazırkı payız dövründə qəhvəyi mərmər bağacığı fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.  AQTA tərəfindən aparılan monitorinq və təhlillərə əsasən bildiririk ki, qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir.  Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirakı olduqca önəmlidir.  Qəhvəyi mərmər bağacığının qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Bu üsul dünya praktikasında geniş istifadə olunur.  Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə də xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu  zərərvericinin populyasiyasının qarşısını ala bilər.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV