Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Yağ istehsalı və idxalı ilə məşğul olan "Alda" MMC-də yoxlama aparılıb
Yağ istehsalı və idxalı ilə məşğul olan "Alda" MMC-də yoxlama aparılıb

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq, risk əsaslı yanaşma çərçivəsində ölkəyə idxal olunan xam və istehlaka hazır palma yağları və palma yağı tərkibli qarışıq bitki yağları üzrə nəzarət tədbirlərini həyata keçirir.  Eyni zamanda ölkəyə xam şəkildə idxal edilən palma yağlarının növbəti istehsal və emal mərhələlərində də nəzarətin təmin edilməsi məqsədilə yerli müəssisələrdə dövlət nəzarəti tədbirlərini icra edir.  Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Növbəti belə nəzarət tədbiri "Alda" MMC-nin istehsal müəssisəsində keçirilib. “Alda” şirkətinin Rusiya Federasiyasından idxal etdiyi “Пищевые Ингредиенты” istehsalçı müəssisəsinə məxsus “EFKO” əmtəə nişanlı palma yağında laborator müayinə zamanı kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) müəyyən edilib. Həmçinin bu məhsulun şirkət tərəfindən spred yağlarının istehsalında xammal kimi istifadə edildiyi aşkarlanıb. Hazır məhsullardan götürülmüş nümunələrin sınaq nəticəsində də eyni uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb, məhsul partiyalarının satışının və müəssisədə spred yağlarının istehsalının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Qeyd edək ki, xammal yağının istehsal olunduğu müəssisədən ixracın dayandırılması barədə Rusiya Federasiyasının aidiyyəti qurumuna müraciət olunub.

Uyğunsuzluq aşkarlanan palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısı alınıb
Uyğunsuzluq aşkarlanan palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) palma yağları, palma yağı tərkibli bitki yağları və digər məhsullar üzrə nəzarət və monitorinq tədbirlərini davamlı olaraq, risk əsaslı yanaşma prinsipi çərçivəsində həyata keçirir. Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Palma yağları ölkə ərazisinə idxal yolu ilə daxil olduğundan, bu mərhələdə tətbiq olunan gücləndirilmiş nəzarət tədbirləri zamanı məhsullardan nümunələr götürülür və akkreditasiya olunmuş laboratoriyalarda geniş spektrli müayinələrə cəlb olunur. Gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasının “Пищевые Ингредиенты” adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlandığından məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb və yük partiyası barədə gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib. Eyni zamanda, qarşı tərəf uyğunsuzluq aşkar edilmiş istehsalçı müəssisə barəsində tətbiq edilmiş qadağa ilə bağlı rəsmi qaydada məlumatlandırılıb. Elmi risk qiymətləndirmələrinə əsasən, bitki yağlarının rafinasiyası zamanı yaranan (3-monoxlorpropan-1,2-diol) emal çirkləndiricisinin uzunmüddətli və normadan artıq miqdarda qəbulu insan sağlamlığına toksiki təsir göstərir. AQTA istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin təmin edilməsini əsas prioritet kimi müəyyən edir və bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlər həyata keçirir.

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir
AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iclas keçirilib.  AQTA sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə baş tutan toplantıda qida təhlükəsizliyi sahəsində institusional transformasiyanın dərinləşdirilməsi, rəqəmsal idarəetmə modelinin təkmilləşdirilməsi və innovasiya əsaslı həllərin sistemli tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Agentliyin rəqəmsal transformasiya gündəliyi çərçivəsində həyata keçirdiyi tədbirlər kompleks şəkildə təqdim edilib. Göstərilən xidmətlərin tam rəqəmsallaşdırılması, xidmətlərin “MyGov” platformasına inteqrasiya olunması, süni intellekt, kibertəhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda Agentliyin xidmətləri üzrə rəqəmsallaşma 87% təşkil edir.  Bildirilib ki, rəqəmsal transformasiya yalnız texniki yenilənmə deyil, eyni zamanda qərarvermə prosesinin məlumat əsaslı modelə keçidi, idarəetmədə çevikliyin artırılması və resursların daha səmərəli bölüşdürülməsi deməkdir. Bu yanaşma qida təhlükəsizliyi sahəsində proqnozlaşdırıcı nəzarət mexanizmlərinin formalaşdırılmasına, potensial risklərin əvvəlcədən müəyyən edilməsinə və çevik reaksiya imkanlarının genişləndirilməsinə şərait yaradır. Müzakirələr zamanı digər dövlət qurumları və beynəlxalq tərəfdaşlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi, qarşılıqlı əlaqələrin optimallaşdırılması və vahid rəqəmsal mühitin formalaşdırılması məsələləri xüsusi vurğulanıb. Toplantının yekununda xidmətlərin tam elektronlaşdırılması, innovativ texnoloji həllərin tətbiqinin sürətləndirilməsi və rəqəmsal transformasiya prosesinin mərhələli şəkildə icrası ilə bağlı konkret tapşırıqlar verilib. AQTA qida təhlükəsizliyi sistemində şəffaflıq, effektivlik və dayanıqlılıq prinsiplərinə əsaslanan müasir idarəetmə modelinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Dr. Əmna bint Abdullah əl Dahak əl Şamsi arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi mərhələyə daxil olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Qoşqar Təhməzli BƏƏ-nin qlobal iqlim və ətraf mühit təşəbbüslərində, xüsusilə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində fəal iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, son illərdə iki ölkə arasında xüsusilə idxal-ixrac sahəsində səmərəli əməkdaşlıq dinamik şəkildə genişlənir.  Xanım əl Şamsi öz növbəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu layihəsinin əhəmiyyətini vurğulayıb. Daha sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, sənəd yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması və məhdudlaşdırılması üzrə səylərin dəstəklənməsini, heyvan sağlamlığı və ictimai sağlamlığın qorunması, sağlamlıq və baytarlıq sertifikatlarının nümunələrinin mübadiləsi daxil olmaqla, qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir.  Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti altında olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, həmçinin diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri ətraflı müzakirə edilib. Eyni zamanda bitki və heyvan sağlamlığı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və laboratoriya sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.  Yekunda tərəflər görüşün aqrar və qida təhlükəsizliyi istiqamətində əməkdaşlığın yeni mərhələyə keçidinə töhfə verəcəyini bildiriblər.

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov: “AQTİ ilə tərəfdaşlıq bizim üçün əhəmiyyətlidir”
“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov: “AQTİ ilə tərəfdaşlıq bizim üçün  əhəmiyyətlidir”

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və komandanın üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki,  qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sağlam qidalanmanın təşviq edilməsi Agentliyin əsas prioritet istiqamətlərdən biridir.  AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Həmin kampaniyalarda “Qarabağ” futbol klubunun üzvləri də fəal iştirak edərək təşəbbüslərə dəstək göstərirlər. Qurban Qurbanov isə vurğulayıb ki, idmanda uğurun əsas şərtlərindən biri də xüsusilə futbolçular üçün sağlam və balanslı qidalanmadır. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu məsələyə daim xüsusi diqqət və məsuliyyətlə yanaşır. Futbolçuların qidalanmasına nəzarət edən həkim-diyetoloq AQTİ-nin mütəxəssisidir. Bu peşəkar dəstək idmançıların sağlamlığının qorunmasına, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və meydanda daha yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir. Görüş çərçivəsində gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətraflı müzakirə olunub, qarşıdakı oyunlara hazırlıq prosesi və futbolçuların qidalanma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. “Qarabağ” futbol klubuna növbəti oyunlarda uğurlar və qələbələr arzulanıb. Sonda Qurban Qurbanov və komanda üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyaları ilə tanış olub, burada aparılan müayinə və tədqiqat prosesləri barədə məlumat əldə ediblər.

AQTA-nın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib
AQTA-nın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib

Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər və aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, bəzi dezinfeksiya xidməti göstərən özəl şirkətlər tərəfindən Agentliyin adından sui-istifadə hallarına yol verilir. Belə ki, sözügedən şirkətlərin nümayəndələri qida sahəsində fəaliyyət göstərən obyektlərə daxil olaraq özlərini Agentliyin əməkdaşı kimi təqdim edərək, dezinfeksiya xidmətləri ilə bağlı müqavilə bağlamağı təklif edirlər. Bu xidmətlərdən imtina edildiyi halda isə obyektlərdə nəzarət tədbirlərinin aparılacağı, barələrində ciddi tədbirlərin görüləcəyi ilə bağlı əsassız iddialar irəli sürürlər. AQTA bildirir ki, Agentlik dezinfeksiya xidməti göstərən qurum deyil. AQTA-nın hər hansı dezinfeksiya xidməti həyata keçirən şirkəti mövcud deyildir. Dezinfeksiya xidmətləri göstərən şəxslər lisenziya əsasında fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləridir.  Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qida obyektlərinin sahibləri öz müəssisələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirməli və bu tədbirlərin icrasını təsdiq edən müvafiq sənədləri saxlamalıdırlar. Agentlik isə yalnız bu tələblərə əməl olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.  AQTA sahibkarları diqqətli olmağa çağırır və bu kimi hallarla rastlaşdıqları təqdirdə, Agentliyin adından sui-istifadə edən şəxslər və ya şirkətlər barədə “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir. Eyni zamanda, Agentliyin adından sui-istifadə edən dezinfeksiya şirkətləri belə hallara təkrar yol verəcəyi təqdirdə barələrində zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib