BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Nasar Hayat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Erkən kəsimə son” maarifləndirmə kampaniyasına qoşulub. Nasar Hayat bildirib ki, heyvanlar qida sistemlərinin mühüm tərkib hissəsini təşkil edir və süd məhsulları, eləcə də ətin təmin olunmasında əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, hər gün çoxlu sayda heyvan böyümək, nəsil vermək və ya istehsal dövriyyəsinə tam şəkildə töhfə vermək imkanı əldə etmədən kəsilir. “Erkən kəsim yalnız qida məsələsi deyil, eyni zamanda düzgün vaxtın seçilməsidir. Heyvanlara yetkinliyə çatmaq imkanı verildikdə isə onlar daha sağlam nəsil yetişdirilməsinə, daha yüksək qida dəyərinin təmin olunmasına, daha güclü və dayanıqlı sistemlərin formalaşmasına, eləcə də ümumi keyfiyyətin yaxşılaşdırılmasına daha çox töhfə verirlər”. FAO rəsmisi vurğulayıb ki, istehlakçılar yalnız nə istehlak etdikləri ilə deyil, həm də qəbul etdikləri qərarlarla seçim edirlər. Onun sözlərinə görə, daha uzunmüddətli dayanıqlılığın seçilməsi daha müsbət nəticələrə nail olunmasına şərait yaradır. Ətraflı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında bitki sağlamlığı sahəsində birgə fəaliyyət, o cümlədən zərərli orqanizmlərin erkən aşkarlanması məqsədilə süni intellekt, uzaqdan müşahidə və GIS (Geographic Information System) xəritələşmə texnologiyalarının tətbiqi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyatı, qiymətləndirilməsi və tətbiqi proseslərinin təkmilləşdirilməsi məqsədilə Latviya təcrübəsinin öyrənilməsi, o cümlədən pestisidlərin insan sağlamlığına və ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi üzrə Avropa İttifaqının risk əsaslı yanaşmalarının tətbiqinə dair metodoloji dəstəyin əldə edilməsi məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Sosial şəbəkələr və onlayn platformalarda idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) təbliği qeyd olunan sahəyə marağın genişlənməsinə səbəb olub. İdman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır. Bununla yanaşı, məhsulun etiket məlumatlarına və istifadə təlimatlarına diqqət yetirilməsi zəruridir. Belə məhsulların qəbulundan əvvəl onların tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır. Ətraflı:
Ölkədə bitki sağlamlığının qorunması və fitosanitar sabitliyin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər həyata keçirilir. Bitkiçilik məhsullarının, o cümlədən çiyələyin təhlükəsizliyinə nəzarət istehsaldan son istehlak mərhələsinədək bütün zəncir üzrə təmin olunur. Bu çərçivədə təsərrüfatlarda pestisid və aqrokimyəvi maddələrin tətbiqi, saxlanması və istifadəsinə nəzarət edilir, risk əsaslı yanaşma əsasında məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunur. Son günlər sosial şəbəkələrdə çiyələk təsərrüfatında kimyəvi maddələrdən istifadə olunması ilə bağlı yayılan görüntü dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Cəlilabad rayonunun Privolnoye kəndində fəaliyyət göstərən, fiziki şəxs Bədirov Natiq Habil oğluna məxsus çiyələk təsərrüfatında monitorinq keçirib. Təsərrüfatda mövcud olan çiyələk məhsullarından, eləcə də istifadə edilən preparatlardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda, təsərrüfat sahibi ilə maarifləndirici söhbət aparılıb, bitki mühafizə vasitələrinin düzgün tətbiqi, normativ tələblərə riayət olunması və təhlükəsizlik qaydaları ilə bağlı müvafiq izahatlar verilib. Laborator sınaqların nəticələri yekunlaşdıqdan sonra məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Ətraflı: https://youtu.be/8t_KAv-LCDg
Balın təbiiliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələr əsasında dəqiq müəyyən edilə bilər. Satışda “təbii bal” adı ilə müxtəlif məhsullar təqdim olunsa da, onların keyfiyyəti xüsusi göstəricilər üzrə qiymətləndirilir. Əsas meyarlara diastaza ədədi, prolin miqdarı, hidroksimetil furfural (HMF) səviyyəsi, şəkər tərkibi və pestisid qalıqları daxildir. Prolinin yüksək olması balın təbii və keyfiyyətli olduğunu göstərir. HMF səviyyəsinin artması məhsulun yüksək temperaturda saxlanıldığını və ya uzun müddət düzgün şəraitdə qorunmadığını bildirir. Diastaza ədədi isə balın ferment aktivliyini göstərərək onun təzəliyini müəyyən etməyə kömək edir. Eyni zamanda, arıçılıqda istifadə olunan amitraz kimi maddələrin qalıq miqdarına nəzarət də vacibdir. Bu göstəricilər üzrə AQTİ-də aparılan laborator yoxlamalar balın təhlükəsizliyini təmin edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vətəndaşlara bildirir ki, sosial şəbəkələrdə yayılan qeyri-ənənəvi üsullarla balın yoxlanılması etibarlı deyil və təhlükəsizlik baxımından tövsiyə olunmur. Ətraflı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri, UNEC-in dosenti Mehriban Məhərrəmova “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir. Mehriban Məhərrəmova xüsusilə dişi quzuların erkən kəsiminə diqqət çəkərək bildirib ki, son illərdə görülən tədbirlərə baxmayaraq, heyvandarlıq sektorunda müəyyən geriləmələr mövcuddur. Bu geriləmələrin əsas səbəblərindən biri heyvanların inkişaf mərhələsi tamamlanmadan kəsimə yönləndirilməsidir ki, bu da həm məhsuldarlığa, həm də sektorun uzunmüddətli dayanıqlılığına mənfi təsir göstərir. AQTA yanında İctimai Şuranın sədri erkən kəsimin bioloji aspektlərlə yanaşı, iqtisadi baxımdan da səmərəsiz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dişi heyvanların dövriyyədən çıxarılması, sürünün təbii artımını zəiflədir və genetik potensialın itirilməsinə gətirib çıxarır. Bu isə gələcəkdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər. Mehriban Məhərrəmova bildirib ki, mütəmadi maarifləndirmə tədbirləri nəticəsində bu tendensiyanın qarşısını almaq mümkündür: “Nəticə olaraq, erkən kəsim yalnız bu günün deyil, gələcəyin də itirilməsidir. Bu, hələ bar verməmiş ağacın kəsilməsinə bənzər bir yanaşmadır. Ona görə də bu praktikanın qarşısının alınması aqrar siyasətin prioritet istiqamətlərindən biri olmalıdır” – deyə, M. Məhərrəmova vurğulayıb.
Son illərdə idman qidaları və bioloji aktiv qida məhsullarına maraq xeyli artıb. Bunun əsas səbəbi insanların sağlam həyat tərzinə daha çox önəm verməsi, idmana marağın yüksəlməsi və sosial mediada bu mövzuda məlumatların geniş yayılmasıdır. AQTİ-nin eksperti, "Qarabağ" FK-nın diyetoloqu İlqar Şamilov bildirir ki, bu məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün risk yarada bilər. "Ən çox rast gəlinən səhvlərdən biri onların hər kəs üçün uyğun və tam zərərsiz hesab olunmasıdır. Halbuki, hər bir insanın yaşı, sağlamlıq vəziyyəti və qəbul etdiyi dərmanlar fərqli olduğuna görə bu məhsullar fərdi yanaşma tələb edir. İstehlakçılara tövsiyə olunur ki, məhsul alarkən onun rəsmi qeydiyyatda olub-olmamasına, tərkibinə, istifadə qaydasına və son istifadə tarixinə diqqət etsinlər. Qeyri-rəsmi satış yerlərindən alınan məhsullar isə riskli ola bilər. Eyni zamanda, “təbii” və ya “zərərsiz” kimi ifadələr hər zaman təhlükəsiz demək deyil". Diyetoloq çağrış edərək qeyd edib ki, bu cür əlavələri istifadə etməzdən əvvəl həkim və ya mütəxəssis məsləhəti almaq vacibdir. Ətraflı:
Son illər idman qidaları və bioloji aktiv qida məhsullarına (BAQM) olan marağın əhəmiyyətli dərəcədə artması bu sahədə fəaliyyət göstərən sahibkarların məsuliyyətini daha da artırır. Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edərək bildirir ki, bu məhsulların istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar: - Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilən və qida təhlükəsizliyi tələblərinə cavab verən idman qidaları və BAQM-lar mütləq Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır; - BAQM-ların emalı və dövriyyəsinə yalnız Agentlik tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir; - Qeydiyyata alınmayan məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. Qeyd edək ki, sahibkarlar satışa çıxardıqları məhsulları mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədlərlə təmin etməli, etiketlənmə qaydalarına ciddi riayət etməli və istehlakçıların yanlış məlumatlandırılmasının qarşısını almalıdırlar. Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” maarifləndirici kampaniyasına qoşulub. Millət vəkilinin sözlərinə görə, əvvəllər körpə quzulara münasibət başqa idi və onların kəsilməsi günah hesab olunurdu. “Mən də Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi kampaniyaya qoşuluram və dəstəkləyirəm. Sonuncu statistik rəqəmlərə baxdıqda, hesab edirəm ki, burada, ictimaiyyətin də fəallığına çox böyük ehtiyac var. İctimaiyyət bunu birmənalı dəstəkləməlidir” – deyə, deputat bildirib. Millət vəkili vətandaşlara çağrış edərək bildirib ki, sağlamlığımızı qorumaq və ərzaq təhlükəsizliyinin təmin olması naminə bu kampaniyada aktiv iştirak etmək çox vacibdir. Videomüraciətlə linkdən tanış ola bilərsiniz:
Milli mətbəximizi dünyada tanıdan məşhur aşpaz "Erkən kəsimə son" kampaniyasına qoşulub. Qəbələnin Qəmərvan kəndində populyar “Wilderness Cooking” “YouTube” kanalının sahibi Təvəkkül Aslanov istehlakçılara çağırış edib. Qida blogeri qeyd edib ki, son zamanlar restoranlar müştəri cəlb etmək üçün 3-4 aylıq tam yetişməmiş quzu ətindən çox istifadə edir. “Mən bu ətdən hazırlanan yeməkləri məsləhət görməzdim. 6 ayı tamam olmuş quzunun ətindən hazırlanan yeməklər sağlamlıq cəhətdən daha faydalıdır. 3-4 aylıq quzuların əzələ formalaşması prosesi hələ davam etdiyindən tərkibində su qalır ki, bu da onun daha yumşaq olmasına səbəb olur”, - deyə, T.Aslanov söyləyib.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Zərərvericiyə qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Regional Əlaqələndirmə Mərkəzinin iclasında verilmiş tapşırıqlara uyğun olaraq, qış dövründə əlaqəli dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin təşkili təmin edilib. Bu məqsədlə Balakən, Zaqatala və Qax rayonlarında zərərvericinin aşkar edildiyi kəndlər üzrə dövlət orqanları arasında funksional bölgü aparılıb. Hazırda bölgü əsasında qeyd olunan rayonlarda zərərvericinin qışlama yerlərində aparılan monitorinqlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, zərərvericinin müşahidə edildiyi respublikanın digər rayonlarında da analoji monitorinq tədbirləri davam etdirilir. Aprel ayının ortalarına doğru hava temperaturunun yüksəlməsi ilə əlaqədar olaraq qəhvəyi mərmər bağacığının qışlama yerlərini tərk edərək açıq sahələrə və kənd təsərrüfatı bitkilərinə keçməsi ehtimalı artır. Bu səbəbdən zərərvericinin yayılma arealının operativ izlənməsi və kütləvi çoxalmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Zərərvericinin yayılma ehtimalının daha yüksək olduğu ərazilərdə monitorinq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Agentlik tərəfindən 10 min ədəd feromon tələ alınıb. Mövsümə uyğun olaraq, bu tələlərin respublika üzrə mərhələli şəkildə yerləşdirilməsi prosesinə başlanacaq. Bununla yanaşı, əhalinin və fermerlərin məlumatlandırılması məqsədilə geniş maarifləndirmə kampaniyası həyata keçirilib. Kampaniya çərçivəsində maarifləndirici çap materialları hazırlanaraq paylanıb. Bu materiallarda zərərvericinin tanınması, yayılma xüsusiyyətləri və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat təqdim edilib. Qeyd edək ki, görülən tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq, kənd təsərrüfatı məhsullarının qorunmasını təmin etmək və fermerlərə dəyə biləcək iqtisadi zərərləri minimuma endirməkdir. Bu məqsədlə Agentlik tərəfindən həyata keçirilən tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək və vəziyyətə uyğun olaraq əlavə tədbirlər görüləcək.
Milli Məclisin deputatı Azər Badamov Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” maarifləndirici kampaniyasına qoşulub. Millət vəkilinin sözlərinə görə, quzuların erkən yaşda kəsilməsi yerli cinslərin sayının kəskin azalmasına səbəb olur. Mövcud vəziyyət isə xaricdən heyvan ətinin tədarükünü zəruri edir. Ona görə də insanların bu kampaniya vasitəsilə maariflənməsi çox vacibdir. “Bu azalmanın kökündə dayanan əsas səbəblərdən biri mal-qaranın və xırdabuynuzlu heyvanların erkən yaşlarında kəsilməsi ilə bağlıdır. Təbii ki, bu yolverilməzdir. Çünki quzu və dana əti erkən yaşlarında bioloji cəhətdən də lazımi səviyyəyə gəlmir. Yəni əzələ kütləsi yığılmır. Bu hal həmçinin mal-qaranın və xırdabuynuzlu heyvanların sayının azalmasına da kəskin təsir göstərir. Bunun baş verməməsi üçün isə yeni çağırışlar olmalıdır. Çağırışlar ondan ibarətdir ki, xırdabuynuzlu heyvanların kəsimi altı-doqquz aydan sonra həyata keçirilməlidir”, – deyə, deputat bildirib. Azər Badamov çağırış edib ki, bu aksiyaya cəmiyyətin hər bir üzvü qoşulmalıdır. Videomüraciətlə linkdən tanış ola bilərsiniz:
Giriş