Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır -VİDEO
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır -VİDEO

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) epizootik sabitliyin qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ölkə üzrə baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların identifikasiyası və qeydiyyatı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən həyata keçirilir. Hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və həmin nömrə vasitəsilə heyvanın həyat dövrü ərzində aparılmış peyvəndləmələr, müalicələr, profilaktik tədbirlər və digər baytarlıq prosedurları vahid məlumat bazasında qeydə alınır. HİQS sistemi heyvanın yoluxduğu xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınağı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.  “Fermadan süfrəyə” prinsipi çərçivəsində identifikasiya heyvanın doğulduğu təsərrüfatdan başlayaraq kəsim məntəqəsinə və son istehlak mərhələsinədək məhsulun mənşəyinin izlənməsini təmin edir. Bu, istehlakçıların təhlükəsiz və mənşəyi məlum olan məhsullarla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan sahiblərini və fermerləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsərrüfatlarında olan heyvanları vaxtında identifikasiya və qeydiyyatdan keçirməyə çağırır. Bu, heyvan sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında heyvan xəstəliklərindən azad zonaların sərhədləri müəyyənləşdirilib
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında heyvan xəstəliklərindən azad zonaların sərhədləri müəyyənləşdirilib

Ölkədə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində bir sıra tədbirlər icra olunub. Məqsəd ölkədə epizootik sabitliyin gücləndirilməsi və heyvandarlıq sahəsinin inkişafının sürətləndirilməsidir. Azad zonaların yaradılması bir sıra heyvandarlıq məhsullarının ixracında maneələrin aradan qaldırılmasına, ixrac coğrafiyasının genişlənməsinə və tranzit imkanlarının artmasına şərait yaradacaq. Heyvan xəstəliklərindən azad zonalar Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının ərazilərini tam, Füzuli, Laçın və Xocavənd rayonlarının ərazilərini isə qismən əhatə edəcək. Digər azad zona isə tam əhatə etməklə Naxçıvan Muxtar Respublikasının ərazisində yaradılacaq. Belə ki, zonaların yaradılması məsələsi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ali Baş Qərargahında müzakirə edilib və təşkilat tərəfindən dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və ÜHST-nin ekspertlərinin iştirakı ilə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının ərazisində azad zonaların sərhədləri müəyyən edilib və xəritəsi hazırlanıb. Eləcə də azad zona regionlarında fəaliyyət göstərən heyvandarlıq obyektlərinin koordinatları müəyyənləşdirilib və heyvanların identikləşdirilməsinə başlanılıb. Bununla yanaşı, heyvan xəstəliklərindən azad zonaların ÜHST tərəfindən tanınması üçün bir sıra əlavə tədbirlər görüləcək. Bunlara dabaq xəstəliyi üzrə FAO-nun Mərhələli Nəzarət Proqramı çərçivəsində ölkə səviyyəsinin növbəti mərhələyə keçirilməsi, yeni “Heyvan sağlamlığı haqqında” Qanunda müvafiq müddəaların əks etdirilməsi, zonalara giriş-çıxış nöqtələrində nəzarət postlarının yaradılması, azad zona hüdudları daxilində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən müasir emal müəssisələrinin təşkili daxildir. Eyni zamanda azad zonalarda saxlanılan və ora köçürüləcək heyvanların peyvəndlənməsi, identikləşdirilməsi, mütəmadi epizootoloji monitorinqlərin aparılması və sərhədboyu bütün həssas heyvanların peyvəndlənməsi yolu ilə dabaq xəstəliyi üzrə immun zolağın yaradılması təmin olunmalıdır. Həmçinin identifikasiya olunmamış və müşayiətedici baytarlıq sənədləri olmayan heyvanların satış bazarlarına və rayonlararası, xüsusilə Bakı şəhərinə daşınmasının qarşısının alınması, eləcə də belə heyvanların bazarlara girişinin məhdudlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, heyvanların identikləşdirilməsi və daşınması “Baytarlıq haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.

AQTA arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı istehlakçılara çağırış edib
AQTA arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı istehlakçılara çağırış edib

Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi geniş yayılıb. Qısa müddətdə çəki itkisi vəd edən, “yağ yandırıcı”, “metabolizmanı sürətləndirən” kimi ifadələrlə təşviq olunan bu məhsulların reklamı intensiv xarakter alıb. “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2.3-cü və 17.2.5-ci yarımbəndlərinə əsasən, qida məhsullarının etiketində və ya reklamında həmin məhsula xas olmayan təsir və ya xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir. Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və “Dərman vasitələri haqqında” Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır. İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulların əldə edilməsi və istifadəsi məqsədəuyğun hesab edilmir.  Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:

Ramazanda xurma istehlakının faydaları
Ramazanda xurma istehlakının faydaları

Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir. Bir ədəd quru xurma təxminən 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır.  Bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər. Xurma alarkən onun xarici görünüşünə, eyni zamanda məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Yaxşı yetişmiş xurma səthi hamar, tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı, lakin, parlaq, yapışqan və yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu məhsulun süni üsulla qurudulduğunu göstərir. Belə xurmaların isə istehlakı məsləhət görülmür. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin şəraitdə və ya soyuducuda saxlanmalıdır. Açıq şəkildə satılan məhsullar toz və mikroorqanizmlərlə çirklənə biləcəyi üçün istehlakdan əvvəl mütləq yaxşıca yuyulmalıdır.

Kürdəmirdə yerləşən heyvan bazarı açılıb - VİDEO
Kürdəmirdə yerləşən heyvan bazarı açılıb - VİDEO

Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Dafne Agro” MMC-yə məxsus heyvan satışı bazarının rekonstruksiyadan sonra fəaliyyətinə icazə verilib.  Belə ki, bazar ərazisi asfaltlanıb, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan öncə Beyləqan, Ağcabədi, Biləsuvar, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Hazırda Masallı, Xaçmaz və Sabirabad heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır.  Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

Mingəçevirdə qarğıdalı çubuqları emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Mingəçevirdə qarğıdalı çubuqları emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Xəbər verildiyi kimi, Göygöl rayonunun Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar davam etdirilir. Agentliyin əməkdaşları tərəfindən ilkin olaraq məktəbin bufetində, daha sonra isə uşaqların qəbul etdiyi “Elcan” əmtəə nişanlı qarğıdalı çubuqlarının emal olunduğu müəssisədə yoxlama tədbirləri həyata keçirilib.  Məktəb bufetində aparılan baxış zamanı eyni adlı məhsulların bir qisminin üzərində etiket məlumatlarının aydın və oxunaqlı şəkildə qeyd edilmədiyi, bəzi məhsulların isə son istifadə tarixinin bitməsinə baxmayaraq satış stendində saxlanıldığı müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqlar nəzərə alınaraq məktəb bufetinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Qarğıdalı çubuqlarının istehsalı ilə məşğul olan müəssisəyə baxış zamanı isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkar olunub. Bununla yanaşı xammalın saxlanılması, məhsulun emalı, qablaşdırılması və digər proseslərin sanitar-gigiyenik tələblərə riayət edilmədən eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, çirkli və paslanmış avadanlıqların qida məhsulları ilə birgə saxlanıldığı, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi müəyyən olunub. Yoxlama zamanı istehsal prosesində mənşəyi məlum olmayan qida əlavələrindən və rəngləyicilərdən istifadə edildiyi də aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılmış, rəhbəri barəsində inzibati protokol tərtib edilərək qanunvericiliyə uyğun tədbirlər görülüb. Məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qarğıdalı çubuqlarından, eləcə də istehsal prosesində istifadə edilən xammallardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Hazırda araşdırmalar davam etdirilir. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib