ETSN və AQTA-nın mətbuat xidmətlərinin birgə məlumatı:
6 Fevral 2020 14:47
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən Çin Xalq Respublikasında baş vermiş və dünyanın bir sıra ölkələrinə yayılmış 2019-nCoV koronovirus epidemiyasının əsas səbəbkarı isti və soyuqqanlı heyvanlar, o cümlədən vəhşi heyvanlar və dəniz məhsulları hesab olunur. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və OIE birlikdə virusun (2019-nCoV) heyvan mənşəli olduğu qənaətinə gəlib.
Əldə olunan təcrübəyə əsasən 2019-nCoV koronovirusunun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur.
Aparılan müşahidələr onu göstərir ki, hazırda bir sıra ictimai-iaşə obyektlərində, istirahət mərkəzlərində və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması, onlardan əyləncə məqsədilə istifadə olunması hallarına rast gəlinir. Bu kimi hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı, koronovirus, quduzluq və s. kimi virus xəstəliklərinin yayılmasına da münbit şərait yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həmin şəxslərə xəbərdarlıq edərək bildirir ki, ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir.
ETSN və AQTA bir daha vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar Xətti”nə məlumat verməyə çağırır.
Oxşar xəbərlər
Azərbaycanda heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlər ÜHST tərəfindən yüksək qiymətləndirilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi internet saytında “Quduzluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsi: heyvanların geniş miqyasda peyvəndlənməsi” sərlövhəli məqalə yayımlanıb. Məqalədə bildirilib ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı, ÜHST, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Quduzluğa Qarşı Qlobal Alyans tərəfindən qəbul edilən “2030-cu ilə qədər insanlar arasında quduzluqdan sıfır ölüm” qlobal strategiyası müxtəlif ölkələrdə bu ölümcül xəstəliyin aradan qaldırılması üçün milli planların hazırlanması üçün əsas olub. Bu istiqamətdə Azərbaycanda mühüm işlər görülüb. Quduzluğa qarşı mübarizə Azərbaycanın baytarlıq xidmətləri və səhiyyə orqanları üçün prioritet məqsədə çevrilib. Əsas vəzifə isə heyvanları peyvənd etməklə quduzluğu aradan qaldırmaq və insanların quduzluq problemi barədə məlumatlılığını artırmaqdan ibarətdir. Məqalədə respublikamızda quduzluqla bağlı mövcud vəziyyət və bu xəstəliklə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bu ilin iyun ayında Avstriyanın paytaxtı Vyanada Avropa məkanında “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi ilə əlaqədar keçirilən seminarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi, ölkəmizin ÜHST yanında daimi nümayəndəsi Qalib Əbdüləliyev tərəfindən səsləndirilən təkliflərə yer verilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Yunanıstanın Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.