Fındıq bağlarında təhlükəli zərərverici aşkarlanıb
7 Oktyabr 2022 15:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində fitosanitar sabitliyin qorunması, təhlükəli zərərli orqanizmlərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar nəzarətində olan karantin obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən Şəki-Zaqatala bölgəsində meyvə bağlarında aparılan monitorinqlər zamanı təhlükəli zərərverici olan qəhvəyi mərmər taxtabiti (Halyomorpha halys) müəyyən edilib. Zərərverici əsasən Balakən şəhəri və rayonun Hənifə, Kortala, Püştətala kəndləri, Zaqatala rayonunun Əliabad qəsəbəsi, Muxax, Bazar, Yuxarı Tala, Aşağı Tala, Üçüncü Tala kəndləri, Qax rayonunun Tasmalı və Zəyəm kəndləri ərazisində yerləşən fındıq bağlarında, Zaqatala rayonunun qoz və qarğıdalı əkin sahələrində aşkarlanıb.
Qeyd edək ki, qəhvəyi mərmər taxtabiti 49 fəsiləyə aid olan 300-dən çox bitki ilə qidalanır ki, bunlardan 113-ü Azərbaycan florasında mövcuddur. Meyvə bitkilərindən kivi, alma, armud, fındıq, üzüm, xurma, sitrus bitkiləri, tərəvəz bitkilərindən kələm, xiyar, balqabaq, soya, lobya, pomidor və s., texniki bitkilərdən şəkər çuğunduru, pambıq, günəbaxan, tütün, o cümlədən dekorativ və bəzək ağac, kol və ot bitkilərinə ziyan vura bilir.
Zərərərverici kənd təsərrüfatı əhəmiyyətli bitkilərin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salaraq 90%-ə qədər məhsul itkisinə səbəb ola bilir. Həm yetkin, həm də sürfə mərhələsində qida bitkilərinin əsasən meyvələri, cavan budaqların və yarpaqların şirəsi ilə qidalanır. Bu zaman meyvə-tərəvəzlərin səthini zədələyərək həmin hissədə nekroz əmələ gətirir, meyvənin qabığı altında quru pambıqvari toxuma yaranır, meyvənin dadı pisləşir, üst səthində kələ-kötürlük formalaşır.
Zərərverici əsasən təzə meyvə-tərəvəz, kəsilmiş gül, ting, o cümlədən müxtəlif nəqliyyat vasitəsi (təyyarə, gəmi, qatar, maşın), koteyner, avadanlıq, baqaj və yüklər vasitəsilə uzaq məsafələrə yayıla bilir. Eləcə də təbii yolla, yetkin fərdlərin uçması ilə yayılır.
Hazırda 3 rayon üzrə 15 yaşayış məntəqəsində zərərvericinin yayılma arealı müəyyənləşdirilib. Bununla bağlı olaraq, dərhal zərərvericinin yayılmasının qarşısının alınması üçün biotexniki mübarizə tədbirləri çərçivəsində feromon tələlər asılıb, eyni zamanda mexaniki mübarizə tədbilərinin həyata keçirilməsinə başlanılıb.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş