Heyvan bazarlarında zəruri infrastruktur təmin edildikdən sonra fəaliyyətləri bərpa olunacaq
23 Oktyabr 2025 12:21
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur”. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.
Qalib Əbdüləliyev qeyd edib ki, xüsusi təhlükəli xəstəliklər, əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Bu səbəbdən qərara alınıb ki, 25 oktyabr tarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın.
Sitat: “Məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur. Son bir həftə ərzində əhali arasında məlumatlandırma və maarifləndirmə işləri aparılmış, bazarlarda baytarlıq-sanitariya vəziyyəti qiymətləndirilmişdir. Bu addımın əsas məqsədi heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir”.
Qalib Əbdüləliyev vurğulayıb ki, heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur.
Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilmişdir. Göstərilən sənədin tələblərinə uyğun olaraq bazarlarda yenidənqurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonra onların fəaliyyəti bərpa olunacaq.
Oxşar xəbərlər
Sağlam məktəbli, sağlam gələcək: AQTA məktəblərdə maarifləndirməni davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2026–2027-ci tədris ilində də “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərin sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi tədbirlərini davam etdirir. Layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 311 nömrəli tam orta məktəbdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda maarifləndirici görüş keçirilib. 100-dən çox şagirdin iştirak etdiyi görüşdə meyvələrin böyümə və inkişafdakı rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, mövsümə uyğun seçilməsi və təhlükəsiz istehlakı barədə məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb. Layihənin məqsədi şagirdlərdə erkən yaşlardan sağlam qidalanma vərdişləri formalaşdırmaq və qida təhlükəsizliyi ilə bağlı məlumatlılığı artırmaqdır.
AQTA əməkdaşları ÜHST-nin regional seminarında iştirak edirlər
Oktyabr ayının 20-də Gürcüstanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təşkilatçılığı ilə baytarlıq məhsullarının tənzimlənməsi sistemlərinin gücləndirilməsi və müvafiq özünüqiymətləndirmə vasitəsinin (VMRA-SAT) tətbiqinə həsr olunan regional seminar başlayıb. Seminarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları iştirak edir.
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş