Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərlə görüş keçirilib
2 Sentyabr 2022 18:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərlə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərin heyvan kəsimi və ət satışı sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılması, eləcə də bu sahədə qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi olub.
Görüşdə diqqətə çatdırılıb ki, Agentlik ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri də bu istiqamətdə öz fəaliyyətini təkmilləşdirməli və qida təhlükəsizliyi ilə bağlı qüvvədə olan bütün norma və tələblərə ciddi şəkildə əməl etməlidirlər.
Görüşdə Agentliyin sədr müavini Rəşad Mafusov heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Xüsusilə qanunsuz heyvan kəsimi və ət satışı məsələsi üzərində dayanan sədr müavini bildirib ki, Agentlik bu sahədəki fəaliyyətini “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamı əsasında qurur. Həmin sərəncama uyğun olaraq, cari ilin avqust ayından etibarən Agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə həm Bakı şəhərində, həm də respublikanın rayonlarında Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə 500-ə yaxın heyvan kəsimi və ət satışı məntəqəsində reydlə keçirilib, reydlər zamanı 200-dən artıq baytarlıq-sanitariya ekspertizası aparılmayan heyvan kəsimi və ət satışı məntəqəsində qanunsuz metal konstruksiyalar sökülüb.
Sədr müavini bildirib ki, hazırda heyvan kəsimi və ət satışı fəaliyyəti ilə bağlı baytarlıq-sanitariya ekspertizası haqqında arayışların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) tərəfindən elektron qaydada verilməsi istiqamətində işlər görülür. Bu da öz növbəsində heyvan kəsimi və ət satışı kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə vaxta qənaət, operativ məlumat mübadiləsi, sürətli icranın təmin olunması, şəffaflıq və izlənmə mexanizminin formalaşdırılması və s. kimi geniş imkanlar yaradacaq.
Görüşdə o da vurğulanıb ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir. Qeyd olunub ki, ət kəsimi yerlərində çalışanlar qida ilə birbaşa təmasda olan işçilərdir. Odur ki, heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslər bu məsələni xüsusilə diqqətdə saxlamalıdırlar.
Tədbirdə, müşayiətedici sənədləri olmayan ət məhsullarının qadağan olduğu, qida təhlükəsizliyinin mal qonşuluğu, qida zənciri və digər prinsiplərinə əməl edilməsinin vacibliyi bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərin problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.