Heyvanların identifikasiyası fermerlər və istehlakçılar üçün hansı üstünlükləri yaradır?
3 Avqust 2026 17:34
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər arasında heyvanların identifikasiyası sistemi ilə bağlı suallar üstünlük təşkil edir. Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri bu sistemin tətbiqinin məqsədi və onun fermerlər, eləcə də istehlakçılar üçün yaratdığı üstünlüklərdir.
Heyvanların identifikasiyası hər bir heyvana unikal identifikasiya nömrəsinin verilməsi və həmin heyvan barədə məlumatların vahid informasiya sistemində qeydiyyata alınmasını nəzərdə tutur. Bu məlumatlara heyvanın sahibi, saxlanıldığı təsərrüfat, aparılmış peyvənd və müalicə tədbirləri, həmçinin digər baytarlıq məlumatları daxildir.
Identifikasiya sistemi yoluxucu heyvan xəstəliklərinin erkən aşkarlanmasına, onların yayılmasının qarşısının alınmasına, epizootik vəziyyətə operativ nəzarətin təmin edilməsinə və baytarlıq tədbirlərinin daha səmərəli planlaşdırılaraq həyata keçirilməsinə imkan yaradır.
Sistem fermerlər üçün də mühüm üstünlüklər yaradır. Belə ki, identifikasiya olunmuş heyvanın itməsi və ya oğurlanması hallarında identifikasiya nişanı heyvanın sahibinin müəyyən edilməsini asanlaşdırır və zərurət yarandıqda hüquqi sübut kimi istifadə oluna bilir. Bununla yanaşı, heyvanların qeydiyyatının aparılması təsərrüfatlarda uçotun dəqiq təşkilinə, heyvanların hərəkətinin izlənilməsinə və baytarlıq xidmətlərinin daha səmərəli göstərilməsinə şərait yaradır.
Heyvanların identifikasiyası istehlakçılar üçün də mühüm əhəmiyyət daşıyır. Bu sistem vasitəsilə heyvan mənşəli qida məhsullarının istehsal zəncirinin "Fermadan süfrəyədək" izlənilməsi mümkün olur. Nəticədə məhsulun mənşəyini müəyyən etmək, qida təhlükəsizliyini təmin etmək və zərurət yarandıqda risk daşıyan məhsulları operativ şəkildə dövriyyədən çıxarmaq mümkün olur. Bu isə istehlakçıların sağlamlığının qorunmasına və qida məhsullarına olan etimadın artırılmasına xidmət edir.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir
Heyvan kəsimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qida təhlükəsizliyinin təmin olunması və bioloji təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2018-ci ildən etibarən ölkədə mobil, modul və stasionar tipli heyvan kəsim məntəqələrinin yaradılmasına başlanılıb. Agentlik tərəfindən müxtəlif tutumlu kəsim məntəqələrinin texnoloji sxemləri hazırlanaraq sahibkarlara təqdim edilib və bu istiqamətdə görülən işlər müsbət nəticələr verməkdədir.
Təsərrüfatlarda donuzlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş