İctimai iaşə obyektlərində monitorinqlər davam edir
21 Oktyabr 2020 17:25
Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.
Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 20 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 382 ictimai iaşə obyektində 610 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən 25 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.
“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 saylı Qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.
Oxşar xəbərlər
Azərbaycanda heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlər ÜHST tərəfindən yüksək qiymətləndirilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi internet saytında “Quduzluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsi: heyvanların geniş miqyasda peyvəndlənməsi” sərlövhəli məqalə yayımlanıb. Məqalədə bildirilib ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı, ÜHST, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Quduzluğa Qarşı Qlobal Alyans tərəfindən qəbul edilən “2030-cu ilə qədər insanlar arasında quduzluqdan sıfır ölüm” qlobal strategiyası müxtəlif ölkələrdə bu ölümcül xəstəliyin aradan qaldırılması üçün milli planların hazırlanması üçün əsas olub. Bu istiqamətdə Azərbaycanda mühüm işlər görülüb. Quduzluğa qarşı mübarizə Azərbaycanın baytarlıq xidmətləri və səhiyyə orqanları üçün prioritet məqsədə çevrilib. Əsas vəzifə isə heyvanları peyvənd etməklə quduzluğu aradan qaldırmaq və insanların quduzluq problemi barədə məlumatlılığını artırmaqdan ibarətdir. Məqalədə respublikamızda quduzluqla bağlı mövcud vəziyyət və bu xəstəliklə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bu ilin iyun ayında Avstriyanın paytaxtı Vyanada Avropa məkanında “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi ilə əlaqədar keçirilən seminarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi, ölkəmizin ÜHST yanında daimi nümayəndəsi Qalib Əbdüləliyev tərəfindən səsləndirilən təkliflərə yer verilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Yunanıstanın Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.