İnsan istehlakı üçün nəzərdə tutulan yağların tərkibində trans yağların miqdarı 2%-dən yuxarı olmamalıdır
5 İyul 2019 09:40
Gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağlar tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir. Son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılmış və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapmışdır. Bununla bağlı geniş elmi hesabat ictimaiyyətə təqdim olunacaq.
Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır.
Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.
Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır.
Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilmişdir.
Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir.
Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2% miqdarında təyin edilmiş və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulmuşdur.
Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş