IPPC mütəxəssisi AQTİ laboratoriyalarının işi ilə tanış olub
12 Sentyabr 2022 10:17


Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) standartların müəyyənləşdirilməsi üzrə mütəxəssisi Artur Şamilov Azərbaycan Qida Təhlükəsizliyi İnstitututunda (AQTİ) olub.
Qonağa AQTİ-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də, İnstitutun nəzdindəki laboratoriyaların iş prinsipi, maddi-texniki bazası, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb. Görüşdə, həmçinin bitki sağlamlığına dair elmi-nəzəri yeniliklərin, bitki və bitki mənşəli məhsulların zərərverici orqanizmlərdən mühafizəsi, onların yayılmasının qarşısının alınması istiqamətində effektiv fitosanitar tədbirlərin tətbiqi üzrə təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb. IPPC mütəxəssisinə, həmçinin laboratoriyalarda qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən sınaqlar barədə də məlumat verilib.
Daha sonra A.Şamilov AQTİ-nin nəzdindəki laboratoriyaların iş prinsipi ilə tanış olub, müxtəlif sınaqların aparıldığı otaqlara baxış keçirib və müayinə prosesini yaxından izləyib.
Qeyd edək ki, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya 1951-ci ildə İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının VI konfransında qəbul olunub. Azərbaycan 14 mart 2000-ci il tarixindən etibarən bu konvensiyaya qoşulub.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
