İstehlakçı müraciəti əsasında “Təndirçi”də yoxlama keçirilib
22 Avqust 2023 11:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Bakı şəhəri, Səbail rayonu, Ə.Gülbalayev küçəsi 9 ünvanında fəaliyyət göstərən “Təndirçi” qida obyektində antisanitar vəziyyətin olması ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən fiziki şəxs Hüseynova Mahirə Əhəd qızına məxsus qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, obyektdə xammal və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmadığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, sanitar qovşağın emal sahəsində yerləşdiyi, tullantıların ağzı kip zibil qutularında saxlanılmadığı, mexaniki havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövrü tibbi müayinələrdən keçmədikləri və dolablar, sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub geyinmə otaqları ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, qanunvericiliyə uyğun tədbir görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb. Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş