Kompleks Tədqiqatlar Laboratoriyasında gündəlik olaraq 200-dən çox müayinə həyata keçirilir
11 Yanvar 2022 15:15
Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının və bitki mühafizə vasitələrinin, eləcə də qida məhsulları ilə təmasda olan qablaşdırma məmulatlarının, bioloji fəallığa malik qida əlavələrinin, qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə gündəlik 200-dən çox müayinə həyata keçirilir.
Laboratoriyada olan yüksək həssaslığa malik xromatoqrafiya sistemləri və müasir spektral cihazlar bir çox mürəkkəb tərkibli maddələrin identifikasiyasını, onların miqdar təyinini həyata keçirmək imkanına malikdir. Sınaqlar müxtəlif detektorlarla təchiz edilmiş qaz və maye xromatoqraflar, İnduktiv Qoşulmuş Plazmalı Kütlə və Optik Emission Spektrometrləri və digər müxtəlif təyinatlı spektrofotometrlər vasitəsilə həyata keçirilir. Mövcud cihazlarla nümunə tərkibində bilinməyən toksikoloji maddələrin təyini, şüşə və plastik qablaşdırma materiallarının element və tərkib analizi, həmçinin nümunəyə təmas etmədən əsas struktur tərkibinin öyrənilməsinə imkan verən analizlər aparılır.
Laboratoriya fəaliyyətə başladığı gündən qida, qeyri-qida, eləcə də qablaşdırma məhsullarının keyfiyyət və toksikoloji müayinələri üzrə 400-dən çox yeni metod işlənib hazırlanıb. Hazırlanmış yeni metodlarla yanaşı, laboratoriyada ISO, EN, AOAC, NMKL kimi beynəlxalq metodlar geniş şəkildə tətbiq olunur. Laboratoriyada farmakoloji və bioloji baytarlıq preparatlarının, o cümlədən yem və yem əlavələrinin keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri ölkəmizdə heyvan sağlamlığının təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Həmçinin laboratoriyada aparılan pestisid və aqrokimyəvi maddələrin təhlükəsizlik və tərkib analizləri bitki sağlamlığının təmin edilməsində və ətraf mühitin toksiki çirklənməsinin qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı cari ilin 7-11 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, 62 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 40 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 400 baş, habelə 21 rayonun (şəhər) 243 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 742 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili zamanı quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil edilib.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.