Məktəblərin qida bloklarında aparılan yoxlamaların nəticəsi ilə bağlı məlumat
12 Aprel 2023 18:05
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində yaranmış narahatlıqlarla əlaqədar aparılan araşdırmaların ilkin nəticələri ilə bağlı məlumat yayıb. Aparılmış yoxlama zamanı məlum olub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qida qəbulundan sonra şagirdlərin səhhətində epiqastral nahiyədə ağrılar, ürəkbulanma, başağrısı, baş gicəllənmə müşahidə edilib. Məktəbin tibb məntəqəsində şagirdlərə ilkin tibbi yardım göstərildikdən dərhal sonra təcili tibbi yardıma müraciət olunub.
Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. Sözügedən qidaların vitrinlərə (isti və soyuq vitrin, açıq vitrin) yığılaraq satışı həyata keçirilir. Həmçinin, məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib.
Eyni zamanda, yoxlama zamanı 26 adda müxtəlif çeşiddə qida məhsulundan nümunələr, 6 nəfər işçinin əllərindən yaxma nümunəsi və 20 ədəd müxtəlif səthlərdən, istifadə olunan alət və ləvazimatlardan yaxma nümunələri götürülərək laborator müayinələrin aparılması məqsədilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Həmçinin, yuxarıda adı qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən “TAİS İKF” MMC-yə məxsus qidaların hazırlanması və çatdırılması müəssisəsində AQTA tərəfindən plandankənar yoxlama tədbirləri davam etdirilir. Yoxlamanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Məlumat üçün bildiririk ki, 2022-2023-cü illər ərzində Agentlik tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib. Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.
Bildiririk ki, belə yoxlamalardan biri də 20 nömrəli tam orta məktəbdə həyata keçirilib. Belə ki, cari ilin 16-18 yanvar tarixlərində adıçəkilən məktəbin qida blokunda həyata keçirilən yoxlama zamanı qida sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilərək məktəbin vəzifəli şəxsi barəsində inzibati məsuliyyət tədbiri görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Yoxlama həyata keçirilmiş müəssisələrin siyahısı ilə cədvəldən tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş