“Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan brifinq keçirilib
7 İyul 2022 14:01
İyulun 7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı UNICEF və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə layihənin yekunlarına dair hesabat media nümayəndələrinin diqqətinə çatdırılıb.
Bildirilib ki, layihə çərçivəsində məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirmə tədbirləri təşkil olunub. Belə ki, ilkin mərhələdə AQTİ mütəxəssisləri tərəfindən 30 nəfərə 12 mövzudan ibarət onlayn formada seminar keçilib. Layihənin reqlamentinə əsasən, imtahanı uğurla başa vuranlar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunub və həmin şagirdlər məktəblərdəki bufetlərin fəaliyyəti, qida təhlükəsizliyi və sanitar qaydalara əməl olunmasına dair ictimai nəzarəti həyata keçiriblər.
Daha sonra imtahanı uğurla başa vuran iştirakçıların təmsil olunduqları məktəblərin şagirdləri arasında sorğu keçirilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 5 və 9-cu sinif şagirdləri arasında keçirilən sorğuda ümumilikdə 16 məktəbdən 1600 şagird iştirak edib. Anket formasında tərtib olunmuş sorğularda qida təhlükəsizliyi haqqında ümumi anlayışlar, sağlam qidalanma vərdişləri və qaydaları, gigiyenik tələblərə riayət olunması, düzgün maye qəbulu, fastfud yeməkləri və zərərli alışqanlıqlara münasibət, və s. istiqamətlər yer alıb.
Sorğunun nəticəsinə əsasən, layihədən əvvəl və sonra aparılan testlər şagirdlərin qida vərdişlərindəki dəyişiklikləri əks etdirib. Belə ki, layihədən əvvəl qida təhlükəsizliyi anlayışı haqqında məktəblilərin 72%-i məlumatlı olduğu halda, layihədən sonra bu rəqəm 97%-ə çatıb. Layihənin reallaşmasından sonra AQTA-nın 1003 Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı da artıb. Əvvəl Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı 51% təşkil edirdisə, layihədən sonra bu rəqəm 95%-ə çatıb.
Səhər yeməyi uşaqların fiziki və zehni qabiliyyətinə, eləcə də akademik göstəricilərinə kifayət qədər təsir göstərir. Əgər layihədən əvvəl sorğuda iştirak edən şagirdlərin 20%-i səhər yeməyi yemədiyini bildirmişdisə, layihədən sonra bu göstərici 7%-ə düşüb.
Sorğuda iştirak edən uşaqların 31%-i həftə ərzində heç balıq yemədiyini bildirib. Süd məhsulları qəbul etməyən uşaqlar isə 15% təşkil edib. Sorğudan sonra bu göstəricilər müvafiq olaraq 18% və 5%-ə qədər azalıb.
Testin nəticəsinə görə, layihədən sonra həftədə 5 gündən çox şəkərli içki qəbul edən məktəblilərin sayı isə 25%-dən 5%-ə düşüb. Layihədən sonra həftədə beş gündən çox şirniyyat yeyən şagirdlərin sayı 13%-ə, çips yeyən uşaqların sayı isə 4%-ə qədər azalıb.
Xatirladaq ki, pilot layihə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı”, eləcə də UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb.
Oxşar xəbərlər
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş