Məsul şəxslərlə bağlı tələbləri yerinə yetirməyən müəssisələr haqqında inzibati tədbirlər görüləcək
8 Fevral 2021 16:22
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilir. Aparılan monitorinqlər zamanı pandemiya dövrünün tələblərinə əməl etməyən ictimai iaşə müəssisələri aşkarlandığı halda qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir.
Qanunvericiliyə əsasən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir. İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
Bundan başqa, qanunvericiliyə əsasən, ictimai iaşə obyektləri tərəfindən nəzarət üzrə məsul şəxs təyin edilməli və həmin şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim edilməlidir. Belə ki, əks halda həmin sahibkarlıq subyektləri haqqında qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş