Ölkəmizdə heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı tədbirlərə başlanılıb
4 Noyabr 2021 15:44
Hazırda dünyanın 70 ölkəsində xırdabuynuzlu heyvanlar arasında yayılan taun xəstəliyi ilə bağlı mübarizə tədbirləri həyata keçirilir. Bu xəstəlik qoyun və keçilərin 80%-dən çoxunun cəmləşdiyi və əsas gəlirləri xırdabuynuzlu heyvanların saxlanılmasından əldə edən regionlarda hər il 1,5-2 milyard dollar dəyərində itkiyə səbəb olan yoluxucu xəstəlikdir. Xəstəlik insanlara yoluxmasa da, ciddi iqtisadi itkilərə səbəb olur və vəhşi təbiətdə yaşayan heyvanların da məhv olunması ilə nəticələnir. Eyni zamanda xırdabuynuzlu heyvanların taunu xəstəliyi heyvan mənşəli məhsulların ölkələrarası dövriyyəsinə də maneəçilik yaradır.
Xırdabuynuzlu heyvanların taunu xəstəliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Transsərhəd heyvan xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərindən biridir və 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (OIE) üzv ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının OIE tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı müraciət etmək imkanına malikdirlər.
Ölkəmizdə də heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı işlərə başlanılmış və bu sahədə müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 10-12 noyabr 2021-ci il tarixlərində FAO Baş qərargahının iki ekspertinin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində ökəmizin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə bağlı sənədləşdirilmə işləri, Azərbaycan höküməti tərəfindən hazırlanan müvafiq sənədlərin tamamlanmasına texniki dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin Agentlik tərəfindən heyvan sağlamlığı və qida təhlükəsizliyi üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyi təhlükəsi mövzusunda maarifləndirmə işləri aparılacaq və xəstəlikdən rəsmi azad ölkə statusunun əldə olunması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək.
Oxşar xəbərlər
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Dekabr ayının 7-11 tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq. Monitorinq çərçivəsində ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara baxış keçirilməsi nəzərdə tutulur. Vəhşi quşlar xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanacaq, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr götürülərək laboratoriyalarda müvafiq müayinələr aparılacaq. Tədbir müddətində ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara da ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək. Monitorinq zamanı götürülmüş nümunələr və epizootoloji vəziyyət barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş