Paytaxta gətirilən 400 kq ətin at əti olduğu aşkar olundu
29 Sentyabr 2018 00:00
26 sentyabr 2018-ci il tarixində saat 08:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olmuş məlumat əsasında BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda 28.11.1969-cu il təvəllüdlü Biləsuvar rayon Xirmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi “Mercedes Benz” markalı 10-DA-091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə baxış keçirilmişdir.
Baxış zamanı avtomobilin arxa yük saxlanc yerində təxmini çəkisi 400 kq-a yaxın yük kisələrində antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, orqanoleptik cəhətdən normativlərə cavab verməyən, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş sümüksüz ət aşkar olunaraq aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün götürülmüşdür.
Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq nümunələr götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təqdim edilib. Tədqiq (sınaq) nümunələrinin nəticələrinə əsasən müsadirə edilən ətin at əti olması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, habelə 16 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Vəhşi və ev quşlarından götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Heyvanların identikləşdirilməsi baytarlıq nəzarətinin effektivliyini artırır
Heyvanların identifikasiyası və qeydiyyatı heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarətin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə aparılır. Sistem heyvanların fərdi qeydiyyatının aparılmasını, heyvanların sağlamlıq durumunun, aparılmış baytarlıq tədbirlərinin vahid məlumat bazasında toplanmasını, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsini təmin edir. Heyvanların identifikasiyası və qeydiyyatı aşağıdakı istiqamətlər üzrə mühüm əhəmiyyətə malikdir: Xəstəliklərin diaqnostikası və profilaktikası – erkən aşkarlama və yayılmanın qarşısının alınması; Heyvan sağlamlığına nəzarət – peyvəndləmə və müalicə məlumatlarının sistemli idarə olunması; Qida təhlükəsizliyi – “fermadan süfrəyə” prinsipi ilə izlənilmənin təmin olunması; Sahənin inkişafı – məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi; Ərzaq təhlükəsizliyi – heyvanların baş sayının dürüstləşdirilməsi; Hüquqi tənzimləmə – mülkiyyət hüquqlarının qorunması və itirilmiş heyvanların aşkar edilməsi. Nəticə etibarilə, bu sistem baytarlıq nəzarətinin effektivliyini artırır, heyvan sağlamlığını və qida təhlükəsizliyini təmin edir, həmçinin təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığı gücləndirir və dövlət dəstəyi tədbirləri üçün etibarlı informasiya bazası yaradır.
AQTA "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb. Məlum olduğu kimi, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu məqsədlə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinə start verilib. Layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur. Geniş ictimaiyyət media və sosial şəbəkələr vasitəsilə kampaniya barədə məlumatlandırılacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş