Pomidor minalayıcı güvəsinin risk təhlili həyata keçirilir
9 Aprel 2021 12:55
Əhalinin il boyu təzə tərəvəz məhsulları ilə təmin edilməsində örtülü sahə tərəvəzçiliyinin əhəmiyyəti böyükdür. Belə ki, örtülü sahədə becərilən tərəvəzlərə düzgün qulluq edilmədikdə, onları zərərli orqanizmlərdən qorumadıqda məhsul keyfiyyətinin aşağı düşməsi, məhsuldarlığın azalması, həmçinin ixrac potensialının zəifləməsi müşahidə olunur. Dünya üzrə sürətlə yayılmış belə zərərli orqanizmlərdən biri pomidor minalayıcı güvəsidir (Tuta absoluta (Meyrick, 1917)).
Pomidor minalayıcı güvəsinin yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsziliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlilləri həyata keçirilir. Risk təhlili ölkədaxili və beynəlxalq ticarətdə karantin qaydalarına uyğun olaraq zərərvericidən azad əkin materialından istifadə edilmiş şitillər məhsuldar sahələrə köçürülən andan bitkinin vegetasiyasının sonuna qədər intensiv monitorinq və araşdırmalar aparılmaqla davam etdirilir.
Sirayətlənmənin qarşısını almaq üçün zərərvericidən azad əkin materialından istifadə edilməsi əsas şərtdir. Bu səbəblə şitillər məhsuldar sahələrə köçürülən andan bitkinin vegetasiyasının sonuna qədər bu zərərverici üzrə AQTİ tərəfindən fitosanitar monitorinqlər həftədə ən azı bir dəfə aparılır. Sirayətlənmənin aşkarlandığı şitillik, istixana və açıq əkin sahələrindəki zədələnmiş bitki hissələri və zərərvericinin sahib bitkiləri olan alaq otları sahədən çıxarılaraq utilizasiya edilir. Həmçinin AQTİ mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinə lazımi metodiki dəstək göstərilir.
Qeyd edək ki, bu güvənin əsas qida bitkisi pomidor olsa da, bir sıra mədəni və yabanı bitki növlərində də rast gəlinir. Zərərverici pomidor bitkisinin kökü istisna olmaqla bütün vegetativ, generativ orqanlarına ziyan vurur və sirayətlənmə çox olduqda isə bitkinin tamamən qurumasına səbəb olur.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş