Qanunsuz fəaliyyət göstərən süd məhsulları sexinin fəaliyyəti məhdudlaşdırılıb
24 Oktyabr 2019 14:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Agentliyin 1003 - Çağrı Mərkəzinə daxil olmuş növbəti məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilmişdir.
Yoxlama zamanı müəyyən edilib ki, emal müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçməyib və avtomagistral yolun kənarında, istifadəolunma təyinatı maşın qarajı üçün nəzərdə tutulmuş birmərtəbəli daş tikilidə fəaliyyət göstərir.
Yoxlama zamanı sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb.
Emal prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da aşkarlanıb.
Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin saxlanma müddətinin artırılması məqsədilə istehsal
prosesi zamanı texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və sağlamlığına təhlükə yarada biləcək E 235 “Pimarisin-Natamisin” (Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar edilmişdir. Sexdə temperatur və rütubət rejiminin tənzimlənməsinə nəzarətin həyata keçirilmədiyi də müəyyən olunmuşdur.
Bütün bunlarla yanaşı, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı aşkarlanmışdır. Məhsulun etiketlənməsində isə istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı qeyd edilib.
Emal sahəsində xammal və hazır məhsulların eyni soyuducu kamerada, mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar olunub. İnsanların həyat və sağlamlığına təhlükə yaradacağına dair əsaslı şübhələr olduğundan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti İtaliyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Teramo şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Heyvanların Rifahı Platformasının İdarəetmə Qrupunun 27-ci iclasında iştirak edib. İclasda heyvan sağlamlığı və rifahı, qida və beynəlxalq ticarətin təhlükəsizliyi, həmçinin Platformanın fəaliyyət planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Teramoda yerləşən Zooprofilaktika İnstitutunun ekspertləri ilə görüşlər də keçirilib. Görüşlər zamanı Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib. Müzakirələrdə heyvanların fərdi identifikasiyası, elektron qeydiyyatı və məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də HİQS-in rəqəmsal infrastrukturunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, İtaliya təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Giriş