Qanunsuz heyvan kəsiminin qarşısını almaq üçün maarifləndirici monitorinqlər davam etdirilir
20 Aprel 2020 17:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA əməkdaşları tərəfindən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində növbəti dəfə Bakının Nizami rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları ilə birgə maarifləndirici monitorinq keçirilib.
Monitorinq zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Eyni zamanda koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər
AQTA və DİN birgə əməliyyat keçirib - 2 tona yaxın istehlaka yararsız ət məhsulu aşkarlanıb - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədilə birgə əməliyyat keçirilib. Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Heyvan bazarlarında rekonstruksiya işləri davam edir - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında aparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Hazırda bazar rəhbərlikləri Agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata keçirir. Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır, xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır, heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı, üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri görülür. Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindən kənarlaşdırılır. Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir. Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootoloji stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra bazarların fəaliyyətinə yenidən icazə veriləcək. Heyvan bazarlarında görülən işlərə dair videolink: https://youtu.be/gZEHsm85E2c
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Cari ilin 17-21 noyabr tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələri aparılacaq.
Giriş