Qanunsuz heyvan kəsiminin qarşısını almaq üçün monitorinqlər davam etdirilir
17 Aprel 2020 18:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Belə ki, AQTA əməkdaşları tərəfindən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Mingəçevir şəhəri ərazisində fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində maarifləndirici monitorinqlər keçirilib.
Monitorinq zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA ilə İranın Baytarlıq Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İran Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) Fərzanə Sadiq imzalayıblar. Memoranduma əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İran İslam Respublikasının Baytarlıq Təşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcək, regionda yoluxucu heyvan xəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonunda hər iki dövlətin əhalisinin və ətraf mühitinin bioloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər icra edəcəklər. Anlaşma Memorandumu çərçivəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə bitişik ərazilərdə epizootiya əleyhinə, o cümlədən nəzarət, peyvəndləmə, monitorinq və sair birgə tədbirlərin təşkili təmin ediləcək. Həmçinin sərhəddə baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Memorandumda bundan başqa, qeyd edilən sahələr üzrə AQTA ilə İranın Baytarlıq Təşkilatı nümayəndələrindən və ekspertlərdən ibarət işçi qrupların yaradılması, birgə tədqiqatların aparılması, heyvan xəstəliklərinin laboratoriya diaqnostikası üzrə birgə təlim və məşqlərin keçirilməsi, məlumat mübadiləsinin aparılması, görüşlərin təşkili kimi məsələlər öz əksini tapıb.