Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
27 Dekabr 2022 15:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
26 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Əhmədov Arzu Yusif oğlu |
Sabunçu rayonu, Bakıxanov qəs., Sülh küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
2. |
Həsənov Bəşir Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəs., E.Xəlilov küçəsi ilə M.Fətəliyev küçəsinin kəsişməsi |
İnzibati protokol tərtib edilib |
3. |
Eminov Mahir Maarif oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Mazanov Səxavət Rizvan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
5. |
Məmmədov Habil İbrahim oğlu |
Sabunçu rayonu, Bakıxanov qəs., S.Qocayev küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq
Helikopter vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçiriləcək. Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan aldadıcı yemlərin paylanması nəzərdə tutulur. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər. Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir. Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
Quş qripi xəstəliyi ilə bağlı bir sıra ərazilərə bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Nebraska, Miçiqan, Ohayo, Arkanzas, Qərbi Virciniya, Delaver, İndiana ştatlarında və Puerto-Riko ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu inzibati ərazi vahidlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bəzi ərazilərdən heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət qoyulub
Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.