Qida Təhlükəsizliyi Agentliyinin heyvan kəsimi və heyvan mənşəli məhsulların istehsalı ilə məşğul olan sahibkarlara MÜRACİƏTİ
11 Sentyabr 2021 12:37
Məlum olduğu kimi, ölkədə bioloji təhlükəsizliyin təmin edilməsi və heyvan mənşəli məhsullar üzərində qida təhlükəsizliyi nəzarəti mexanizmlərinin yaradılması məqsədilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin (HİQS) formalaşdırılması və ölkə ərazisində mərhələləli şəkildə tətbiqi nəzərdə tutulmuşdur. Hazırda HİQS-in proqram təminatı və dizaynı üzərində işlər görülür və cari ilin sonuna qədər sistemin seçilmiş pilot ərazidə sınaqdan keçirilməsi nəzərdə tutulmuşdur.
HİQS bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, neçə nömrəli heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək. Heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və sair barədə məlumatlar da həmin sistemdə yer alacaqdır.
Bundan əlavə, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar ölkə ərazisində qanunsuz heyvan kəsiminin qarşısının alınması, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kəsim məntəqələrinin yaradılması istiqamətində görülən ardıcıl işlər nəticəsində standartlara cavab verən kəsim yerlərinin sayı 12-dən 66-ya çatdırılmışdır və bu proses davam etməkdədir. Ölkədə həyata keçirilən təsirli tədbirlərlə yanaşı, beynəlxalq təşkilatlarla da intensiv işlər aparılmış, bunun sayəsində diri heyvan və heyvan mənşəli məhsulların sağlamlığına nəzarət sahəsində ölkədə şəffaf hesabatlılıq sistemi yaradılmışdır. Nəticə etibarilə, Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Avropa İttifaqının müvafiq qurumları ilə qarşılıqlı etimad münasibətləri qurmuşdur.
Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq gön-dəri materialının ilkin işlənilmiş və emal edilmiş formada Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün bir sıra müəssisələr İttifaqın Ticarətə Nəzarət və Ekspert Sistemində müvəffəqiyyətlə qeydiyyata alınmışdır. Hazırda arıçılıq məhsullarının Avropa ölkələrinə ixrac edilməsi üçün müvafiq icazələrin alınması istiqamətində işlər aparılır. İstehsal və emal müəssisələrində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsi istehsalın effektivliyini və məhsulların insan istehlakı üçün təhlükəsiz olmasını təmin etməklə yanaşı, hər bir istehsal müəssisəsinin ixrac imkanlarının formalaşmasına da şərait yaradacaqdır.
İstehsal edilən heyvan mənşəli ərzaq məhsullarının və xammalın təhlükəsizliyinin təmin edilməsi və onların ixracındakı maneələrin aradan qaldırılması məqsədilə sözügedən məhsulların istehsalının idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla beynəlxalq standartlara uyğunlaşdırılması tələb olunur. Agentlik qeyd olunan tələblərin yerinə yetirilməsinə uyğun şərait yaradılması üçün sahibkarlıq subyektlərinə öz səlahiyyətləri daxilində hər cür kömək göstərməyə hazır olduğunu bildirir.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş