Qida Təhlükəsizliyi Agentliyinin sədri Niderland Krallığının kənd təsərrüfatı və biznes üzrə nümayəndə heyəti ilə görüşüb
15 May 2018 00:00






15 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropa Şurası Parlament Assambleyasının Fəxri Prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden başçılıq etdiyi Niderland Krallığının kənd təsərrüfatı və biznes üzrə nümayəndə heyəti ilə görüşüb.
Q.Təhməzli Azərbaycan və Niderland Krallığı arasında əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Sədr yeni fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti və gələcəkdə həyata keçiriləcək tədbirlərlə bağlı qonaqlara məlumat verib, Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında qarşılıqlı əməkdaşlığının genişləndirilməsinin kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsinin inkişaf etdirilməsinə böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə tanışlıq və gələcək əməkdaşlıq perspektivlərinə həsr olunan görüşdə Niderland Krallığının nümayəndə heyəti Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının təhlükəsizliyi, habelə bu istiqamətdə reallaşdırılacaq layihələrdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.
Qeyd edək ki, bu ilin fevral ayında da Bakıda səfərdə olan nümayəndə heyəti ADA Universitetinin və Vageningen Universitetinin birgə təşkil etdiyi “SARA” adlı tədqiqat işini təqdim edib.
Oxşar xəbərlər

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Dünyada epizootik vəziyyətə dair - VİDEOMƏLUMAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
