“Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi ilə bağlı “AmCham” üzvləri ilə görüş keçirilib
17 Mart 2022 16:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham), o cümlədən Palatada təmsil olunan bir sıra xarici şirkətlərin nümayəndələri arasında videokonfrans keçirilib. Konfrans “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi ilə bağlı “AmCham” üzvlərini maraqlandıran sualların müzakirəsi məqsədilə təşkil olunub.
Tədbirdə Milli Məclisin müzakirəsində olan “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi barədə Ticarət Palatasının üzvlərinə ətraflı məlumat verilib, layihənin beynəlxalq norma və standartlar, qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla hazırlandığı, xarici ekspertlərin, o cümlədən Avropa İttifaqı və Dünya Bankı kimi qurumların mütəxəssislərinin layihənin hazırlanmasında iştirak etdiyi diqqətə çatdırılıb. Qanun layihəsinin elmi-ictimai təşkilatların, biznes subyektlərinin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirildiyi vurğulanıb.
Azərbaycanda mütərəqqi qida təhlükəsizliyi sisteminin tətbiqi məqsədilə Qanun layihəsində bir çox yeniliklərin nəzərdə tutulduğu və həmin yeniliklərin tətbiqi üçün ölkəmizdə qida sahəsində fəaliyyət göstərən biznes subyektlərinə müəyyən vaxt verilməsi ilə bağlı bildirilib ki, məhz bu məqsədlə layihədə müəyyən möhlətlər nəzərdə tutulmuşdur. Belə ki, Qanun özü dərc olunduqdan 6 ay sonra, bəzi spesifik maddələri isə 2-4 il sonra qüvvəyə minəcəkdir. Bu müddət ərzində sahibkarlar öz fəaliyyətlərini qeyd edilən yeniliklərə uyğunlaşdırmalı olacaqlar.
Daha sonra Palata üzvləri Qanunun qəbulundan irəli gələrək təsdiq olunacaq ikinci dərəcəli hüquqi aktlarla bağlı onları maraqlandıran sualları AQTA rəsmilərinə ünvanlayıblar. Suallar Qanun qüvvəyə mindikdən sonra qəbul oluna biləcək yeni sanitariya norma və qaydalar, xüsusilə də etiketləmə ilə bağlı dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədar müvafiq keçid müddətinin tətbiqinin tənzimlənmə forması və s. istiqamətlərdə olub.
Agentlik Qanun layihəsində olduğu kimi, yeni texniki normativ aktların, həmçinin sanitariya norma və qaydalarının da hazırlanmasında geniş ictimai iştirakçılığın təmin olunmasında maraqlı olduğunu bildirib, həmin aktların layihələrinin müzakirəsində bütün sahibkarları, o cümlədən xarici şirkətləri fəal iştiraka dəvət edib.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanun Milli Məclisin 4 mart 2022-ci il tarixində keçirilən iclasında ilk oxunuşda qəbul edilib. Qanun ölkə ərazisində insanların həyat və sağlamlığı, eyni zamanda istehlakçı hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir, qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin forma və üsullarını müəyyən edir.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.